Gənclər və idman naziri postuna sürpriz namizəd- Rəvan Həsənov nazir olmaq uğrunda ciddi çalışmalara başlayıbbackend

Gənclər və idman naziri postuna sürpriz namizəd- Rəvan Həsənov nazir olmaq uğrunda ciddi çalışmalara başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gənclər və idman naziri Azad Rəhimovun vəfatından sonra mətbuatda bu posta iddialı çox sayda şəxsin adı çəkilməkdədir. Nazir təyin ediləcəyi ehtimal edilənlər arasında daha çox gənclər və idman siyasəti sahəsində çalışan bir sıra nüfuzlu şəxslərin namizədliyi müzakirə olunmaqdadır.

Editor.az-ın redaksiyasına bu xüsusda daha bir ciddi informasiya daxil olub. Məlumatda Gənclər və İdman naziri postuna daha bir surpriz şəxsin adı hallanır. Məlumatlı mənbənin iddiasına görə, hazırda nazir vəzifəsinə ən real namizədlərdən biri də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənovdur.

Məlumatlara görə, 32 yaşınadək olduqca sürətli karyera yüksəlişi yaşayan Həsənov nazir olmaq uğrunda ciddi çalışmalara başlayıb. Onun hakimiyyətdə ciddi mövqeyə malik olan bir qrup tərəfindən dəstəkləndiyi və namizədliyinin ölkə rəhbərliyinə təqdim olunduğu bildirilir.

İddialara görə məmurluqla yanaşı, şəhərin mərkəzi yerlərində kafe-restoran şəbəkəsinə və kifayət qədər geniş maddi imkanlara sahib olan gənc Həsənovun şanları olduqca yüksəkdir. Daxil olan məlumatlarda qeyd olunur ki, R.Həsənov hətta bir neçə dəfə tanışlıq məqsədi ilə nazirliyin inzibati binasında olaraq işin gedişi, qurumun fəaliyyəti ilə maraqlanıb.

Editor.az xatırladır ki, Rəvan Həsənov bundan əvvəl Azərbaycan Respublikası Prezidentinin millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirlik xidmətində baş mütəxəssisi, məsləhətçi vəzifələrində işləyib. O, daha sonra Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktor vəzifəsini müvəqqəti icra edib. Rəvan Həsənov Prezident İlham Əliyevin 12 fevral 2019-cu il tarixli sərəncamı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru vəzifəsinə təyin edilib.

//Editor.az