Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
İnterpress.az-ın məlumatına görə, mətndə deyilir:
“Zati-aliləri.
İcazə verin Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edim. Sizə ən xoş arzularımı çatdırır, xoşbəxtlik diləyir, ölkənizin və dost Azərbaycan xalqının rifahı, əmin-amanlığı və sabitliyi naminə fəaliyyətinizdə və səylərinizdə uğurlar arzulayıram.
Gürcüstan ilə Azərbaycan Respublikası arasında əlaqələrin daha da inkişaf etdirilməsində Sizin şəxsi səyləriniz və iştirakınız çox yüksək qiymətləndirilir.
Bu fürsətdən istifadə edərək, bir daha vurğulamaq istəyirəm ki, Gürcüstan ilə Azərbaycan arasındakı strateji tərəfdaşlıq xalqlarımızın maraqları naminə bir çox ikitərəfli və çoxtərəfli təşəbbüslərlə zənginləşərək daha da möhkəmlənəcəkdir.
Zati-aliləri, icazə verin bir daha Sizə olan ən dərin ehtiramımı bildirim və ali dövləti fəaliyyətinizdə uğurlar arzulayım”.