Hindistanda 6 saatdan az müddətdə evlənən 2413 cütlüyün adları yalnız nikah şəhadətnaməsinə deyil, iki fərqli kateqoriyada Ginnesin Rekordlar Kitabına da yazılıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, mayın 26-da ölkənin Racastan ştatında kütləvi toy mərasimi keçirilib.
Mərasimdə müsəlman və hindu icmalarından 4826 nəfər 6 saatdan az bir müddətdə evlənib.
Beləliklə, “12 saatda ən çox evlənən cütlük” və “24 saatda ən çox evlənən cütlük” adlı iki ayrı kateqoriyada 2413 cütlük Ginnesin Rekordlar Kitabına düşüb.
Racastan əyalətinin baş naziri Aşok Gehlotun da qatıldığı mərasimə cütlüklərin ailələri və yaxınları da daxil olmaqla 1 milyondan çox insan qatılıb.
Mərasimdən sonra yeni cütlüklərə zinət əşyaları, məişət əşyaları kimi hədiyyələr təqdim olunub.
Kütləvi toy mərasiminin qeyri-hökumət komitəsi tərəfindən yoxsul bölgələrdə yaşayan və evlənməkdə maddi çətinlik çəkən cütlüklərə dəstək olduğu qeyd edilib.