Hindistanda idman zalının sahibi küçədə məşq zamanı güllələnib.
İnterpress.az xəbər verir ki, bu barədə NDTV telekanalı məlumat yayıb.
Hindistanın Haryana ştatının Hansi şəhərində idman zalının 25 yaşlı sahibi idmançılara küçədə məşq keçərkən qəfil silahlı hücuma məruz qalaraq öldürülüb.
Hadisə səhər saatlarında, “Fountain Chowk” meydanının yaxınlığında qeydə alınıb. Motosikletlə əraziyə gələn və maska taxan iki naməlum şəxsdən biri nəqliyyat vasitəsindən düşərək idman zalının sahibi Kapil Redhuya yaxın məsafədən atəş açıb.
Cinayətkar cəmi 5 saniyə ərzində idmançıya 10-a yaxın güllə vurub. Ağır yaralanan gənc hadisə yerindəcə dünyasını dəyişib.
Dəhşətli qətl anı ərazidəki təhlükəsizlik kameraları tərəfindən saniyəbəsaniyə qeydə alınıb.
Atışma zamanı yaxınlıqda isinmə hərəkətləri edən Şixas adlı gənc qadın müştəri də güllə qəlpələrindən ağır xəsarət alıb.
O, dərhal yaxınlıqdakı özəl klinikalardan birinə yerləşdirilib və müalicəsi davam etdirilir.
Hadisədən qısa müddət sonra Hindistanda tanınmış “Lourens Bişnoy” cinayətkar qrupuna yaxınlığı ilə bilinən şəxslər səs yazısı yayaraq qətlin məsuliyyətini öz üzərlərinə götürüblər.
Hazırda yerli polis tərəfindən faktla bağlı cinayət işi başlanıb. Hadisəni törədən şəxslərin müəyyənləşdirilib saxlanılması istiqamətində axtarış tədbirləri davam etdirilir.
Xuraman Etibarlı
İnterpress.az






