Polşanın Krakov şəhərində və Malopolska bölgəsində keçiriləcək III Avropa Oyunları iyunun 21-də rəsmi açılış mərasimi ilə başlayacaq.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Tarixdə ilk dəfə 2015-ci ildə Azərbaycanın paytaxtı Bakıda, daha sonra 2019-cu ildə Belarusun paytaxtı Minskdə keçirilən oyunlar 4 ildən bir keçirilir.
Mərkəzi Krakov olacaq 3-cü Avropa Oyunları Polşanın Malopolska bölgəsini əhatə edən ümumilikdə 13 şəhərində keçiriləcək. Oyunlarda Avropanın 48 ölkəsindən 7000-dən çox idmançı iştirak edəcək.
Bu gün atletika və çimərlik həndbolu üzrə oyunlar başlayacaq. III Avropa Oyunlarının rəsmi açılışı iyunun 21-də, Krakovdakı Henrik Reyman Bələdiyyə Stadionunda CEST saat 21.30-da keçiriləcək. Açılış mərasimində konsertlərlə yanaşı, müxtəlif vizual şoular da keçiriləcək.
III Avropa Oyunları iyulun 2-də Henrik Reyman Bələdiyyə Stadionunda keçiriləcək bağlanış mərasimi ilə başa çatacaq.