İlham Kələşov: “Bu il ipoteka kreditləşməsi üçün müraciətlərin həcmi 1,5 milyard manatı ötüb”backend

İlham Kələşov: “Bu il ipoteka kreditləşməsi üçün müraciətlərin həcmi 1,5 milyard manatı ötüb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu il ipoteka kreditləşməsi üçün İpoteka Kredit və Zəmanət Fonduna (İKZF) müraciətlərin həcmi 1,5 milyard manatdan çox olub.

İnterpress.az xəbər verir ki, bunu İpoteka Kredit və Zəmanət Fondunun (İKZF) ipoteka kreditləşməsi üzrə direktoru İlham Kələşov ATV kanalında yayımlanan “İqtisadi zona” verilişində deyib.

Onun sözlərinə görə, bu, ötən ilin analoji dövrü ilə müqayisədə 26 % çoxdur.

İ. Kələşov qeyd edib ki, bu il Azərbaycanda 5 minə yaxın şəxs ipoteka kreditlərindən, 1 mindən çox şəxs isə kirayə mənzil mexanizmindən istifadə edib:

“İstər ipoteka kreditləşməsində, istərsə də kirayə mənzil mexanizmində əsas göstəricilər son 3 illə bağlıdır. Belə ki, son 3 ildə 16 mindən çox şəxsə 1,2 milyard manat ipoteka krediti ayrılıb. Ümumilikdə 3 ildə Fondun xətti ilə 20 mindən çox vətəndaş öz mənzil şəraitini yaxşılaşdırmağa nail olub”.

İ. Kələşov vurğulayıb ki, hər iki məhsul dövlət dəstəyi ilə kifayət qədər əlverişli şərtlərlə təqdim edildiyi üçün bu məhsullara əhali arasında yüksək maraq var: “Bizim əməliyyatlarımızın böyük hissəsi avtomatlaşdırıldığından ümumi daxil olan müraciətlərin tam reyestrini apara bilirik”.

O əlavə edib ki, ipoteka kreditləşməsi və kirayə mənzil mexanizmindən istifadə edərək mənzil sahibi olanların böyük əksəriyyəti gənc ailələr və gənclərdir: “Statistik olaraq bu gün hər iki mexanizmdən istifadə edərək mənzil sahibi olanların 67 %-i gənclərdir. Ümumilikdə ipoteka kreditləşməsi üzrə orta yaş həddi 34 yaş təşkil edir”.