İndoneziyada Levotobi vulkanı püskürüb, kül sütunu 3 kilometrdən çox ucalıb.
İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
İndoneziyada aktiv və təhlükəli vulkanlardan biri olan Levotobi vulkanında qısa müddət ərzində ard-arda altı püskürmə qeydə alınıb.
Asiya respublikasının Vulkanologiya və Geoloji Fəlakətlərin Fəsadlarının Azaldılması Mərkəzinin yaydığı rəsmi məlumata görə, güclü partlayışlar nəticəsində vulkanın kraterindən havaya ucalan kül sütununun hündürlüyü 3,1 kilometrə çatıb.
Hadisə ilə əlaqədar yerli hakimiyyət orqanları yaxınlıqda yaşayan sakinlər və turistlər üçün yüksək həyəcan vəziyyəti elan ediblər.
Vulkan ətrafında bir neçə kilometrlik qadağan olunmuş təhlükəsizlik zonası müəyyənləşdirilib, insanlara qoruyucu maskalardan istifadə etmək və ehtiyac olmadığı təqdirdə açıq havaya çıxmamaq tövsiyə olunub.
Hələlik təbii fəlakət nəticəsində tələfat və ya ciddi dağıntılar barədə rəsmi məlumat daxil olmayıb.
Aviasiya qurumları kül buludlarının uçuşların təhlükəsizliyinə təsirini yaxından izləyirlər.
Xuraman Etibarlı
İnterpress.az






