Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) 2022-ci ili 4,626 milyon manat zərərlə başa vurub.
İnterpress.az Agentliyin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 11,1 % çoxdur.
Ötən il İRİA-nın kommesiya gəlirləri 110 min manat (əvvəlki ilə nisbətən 46,7 % çox), investisiya gəlirləri 8 min manat (2,4 dəfə az), əməliyyat xərcləri 902 min manat (5,2 % az), inzibati xərcləri 3,777 milyon manat (15 % çox), maliyyə aktivlərinin dəyərsizləşməsi üzrə ehtiyat ayırmaları isə 65 min manat (21,7 dəfə çox) təşkil edib.
Bu il yanvarın 1-nə İRİA-nın aktivləri 37,905 milyon manat olub ki, bu da illik müqayisədə 4,6 % çoxdur. Hesabat dövrünə Agentliyin öhdəlikləri 34,2 % azalaraq 936 min manata düşüb, balans kapitalı isə 6,2 % artaraq 36,969 milyon manata, o cümlədən nizamnamə kapitalı 71,4 % artaraq 6,778 milyon manata çatıb.
Xatırladaq ki, İRİA Prezident İlham Əliyevin 11 oktyabr 2021-ci il tarixli fərmanına əsasən yaradılıb, publik hüquqi şəxsdir. Agentlik ölkədə rəqəmsal transformasiya sahəsində fəaliyyətin təşkil edilməsinə, yerli innovasiya mühitinin formalaşdırılması, ekosistemin gücləndirilməsinə xidmət edir. Nüvə elmi və texnologiyaları üzrə sınaq təcrübələri aparmaq, fiziki və hüquqi şəxslərin innovasiya yönümlü elmi-tədqiqatlarına, innovativ layihələrinə (startap) dəstək vermək, müasir texnologiyaların və texnoloji həllərin əldə olunmasında yardım göstərərək ölkədə İKT sahəsində əlçatan təhsil və karyera imkanlarını təmin etmək, rəqəmsal hökumət və rəqəmsal cəmiyyətin qurulması və təşkilini həyata keçirmək qurumun prioritet istiqamətləridir.