Neftlə zəngin İraqda parlament uzun müzakirələrdən sonra rekord məbləğdə olan 153 milyard dollarlıq büdcəni təsdiqləyib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Plan dövlət xidmətlərinin yaxşılaşdırılmasına və müharibə nəticəsində zədələnmiş infrastrukturun bərpasına yönəlmiş inkişaf layihələrini əhatə edir.
2023, 2024 və 2025-ci illər üçün hər biri 153 milyard dollar yaradan üç illik büdcə qanunu federal hökumətə dövlət xərclərinin 12,7%-nin Şimali İraq hökumətinə köçürülməsi müqabilində Şimali İraq nefti üzərində daha çox nəzarət imkanı verir.
Büdcədə bir müddət İraq siyasətçilərinin prioriteti olan infrastruktur investisiyalarına 37,9 milyard dollar ayrılıb. Yeni büdcənin ən böyük xərc maddəsini dövlət qulluqçuları təşkil edir. 2023-cü il üçün dövlət sektorunda əlavə 600 min nəfərin işlə təmin olunması planlaşdırılır. Bu artımla dövlət qulluqçuları və pensiyalar üçün hər il 58 milyard dollar ayrılıb.
İllərlə davam edən müharibə və qarşıdurmalardan sonra yenidən qurulmağa çalışan, ciddi korrupsiya ilə mübarizə aparan ölkədə milli gəlirin 90 faizi neft hesabına formalaşır. Ekspertlər xəbərdarlıq edirlər ki, neftin qiymətinin mümkün ucuzlaşması ölkə iqtisadiyyatını kövrək edir. İraq büdcəsi hazırlanarkən neftin qiymətinin 70 dollardan yuxarı qalacağı proqnozlaşdırılırdı.