TikTok-da “Böyük Britaniya hər kəsi qəbul edir” videosunu izləyən İŞİD terrorçusu kiçik qayıqla ölkəyə soxulub.
İnterpress.az xəbər verir ki, bu barədə “The Telegraph” qəzeti məlumat yayıb.
Almaniyada İŞİD terror təşkilatına üzv olduğu üçün məhkum edilən İraq əsilli 35 yaşlı Məhəmməd Yasin “TikTok” sosial şəbəkəsində Böyük Britaniyanın “hər kəsi qəbul etdiyini və insan hüquqlarına hörmətlə yanaşdığını” iddia edən videoları izlədikdən sonra kiçik qayıqla qanunsuz olaraq bu ölkəyə daxil olub.
Vinçester Kral Məhkəməsinin qərarı ilə o, ölkəyə qanunsuz daxil olduğuna və saxta sənədlər təqdim etdiyinə görə iki il müddətinə azadlıqdan məhrum edilib.
İstintaqın məlumatına görə, Yasin 2014-cü ildə İraqda İŞİD sıralarına qoşulub, kütləvi edamlarda iştirak edib, daha sonra isə Almaniyaya mühacirət edib.
Almaniya məhkəməsi onu terror qruplaşmasının fəaliyyətində iştiraka görə 4 il 3 ay müddətinə azadlıqdan məhrum edib və ölkəyə 20 illik giriş qadağası qoyub.
Lakin o, İraqa deportasiya edilmək əvəzinə Fransaya qaçıb və oradan 2025-ci ilin dekabrında 80 miqrantla birlikdə kiçik qayıqla La-Manş boğazını keçərək İngiltərəyə gəlib.
Sərhədçilər tərəfindən saxlanılan Yasin özünü Küveyt vətəndaşı kimi təqdim edib, saxta adla sığınacaq üçün müraciəti edib və əvvəlki terror ittihamını gizlədib.
O, Basingstokedakı otellərdən birində yerləşdirilsə də, biometrik məlumatların (barmaq izlərinin) yoxlanılması nəticəsində onun əsl şəxsiyyəti və təhlükəli keçmişi ifşa olunub və o, Milad bayramı ərəfəsində həbs edilib.
Prokurorluq onun İŞİD-lə olan dərin əlaqələrinə görə yüksək təhlükə dərəcəsinə malik olduğunu bildirib.
Hökmü oxuyan hakim onun həbs müddəti başa çatdıqdan sonra ölkədən deportasiya edilməsi məsələsinin nəzərdən keçiriləcəyini açıqlayıb.
Xuraman Etibarlı
İnterpress.az






