İrkutskda imtahana kameralı “ağıllı eynək”lə gələn şagird qovulub.
İnterpress.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Rusiyanın İrkutsk vilayətində 11-ci sinif şagirdi Vahid Dövlət İmtahanı zamanı olduqca qeyri-adi və texnoloji köçürmə fırıldağına əl atıb.
Məktəbli imtahan zalına daxili kamera quraşdırılmış xüsusi “ağıllı eynək” geyinərək gəlib. Lakin imtahan nəzarətçiləri şagirdin geyindiyi müasir cihazın fərqinə varıblar.
İmtahan dərhal dayandırılıb, şagirdin yazısı rəsmən ləğv edilib və məktəbli dərhal auditoriyadan çıxarılıb.
Alınan qərara görə, o, imtahanı yalnız bir ildən sonra yenidən verə biləcək.
Regionun imtahan komissiyasından verilən məlumata görə, bu, vilayətdə imtahanların keçirildiyi bütün tarix ərzində qeydə alınan ən yüksək texnologiyalı köçürmə cəhdidir.
Müasir süni intellekt və kiber-vasitələrin təhsil sahəsinə sürətli nüfuz etməsi nəzarətçiləri daha da diqqətli olmağa sövq edir.
Faktla bağlı məktəb rəhbərliyi tərəfindən araşdırma aparılır, şagirdin bu təhlükəli və bahalı cihazı haradan əldə etdiyi araşdırılır.
Xuraman Etibarlı
İnterpress.az






