Dağıstanda məşhur dargin şair İlyas İdziyevi gürzə ilanı sancıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Dağıstan Respublikasının İzberbaş şəhərində fərdi yaşayış evində qorxulu hadisə qeydə alınıb. Tanınmış dargin şairi və mahnı müəllifi İlyas İdziyev evində olarkən təhlükəli gürzə ilanının hücumuna məruz qalıb.
Zəhərli ilanın sancması nəticəsində ağır vəziyyətə düşən şair dərhal yaxınları tərəfindən şəhər xəstəxanasına çatdırılıb.
Həkimlərin təcili müdaxiləsi və ilan zəhərinə qarşı zərdabın vurulması sayəsində İlyas İdziyevin həyatını xilas etmək mümkün olub.
Hazırda reanimasiya şöbəsində müalicəsi davam etdirilən şairin vəziyyəti stabil-ağır olaraq qiymətləndirilir.
Mütəxəssislər yay aylarında isti hava şəraiti ilə əlaqədar gürzə kimi zəhərli ilanların fəallaşdığını bildirərək sakinləri fərdi evlərdə və bağ sahələrində son dərəcə diqqətli olmağa çağırırlar.
Xuraman Etibarlı
İnterpress.az






