Ev işlərini yerinə yetirən “Figure 03” humanoid robotu təqdim edilib.
İnterpress.az xəbər verir ki, bu barədə “TechCrunch” portalı məlumat yayıb.
ABŞ-nin “Figure AI” robototexnika şirkətinin baş direktoru Brett Edkok yeni nəsil insanabənzər “Figure 03” robotunun artıq bu ilin sonuna qədər ev işlərini və məişət qayğılarını tamamilə yerinə yetirə biləcəyini bəyan edib.
Şirkətin bundan əvvəlki “Figure 02” modeli ilə ABŞ-nin Spartanburq şəhərindəki “BMW” zavodunda həyata keçirdiyi sınaqlar olduqca yüksək səmərəlilik nümayiş etdirib.
Avtomobil nəhəngi bu dəmir köməkçilərin işindən o dərəcədə məmnun qalıb ki, gələcəkdə logistika proseslərini optimallaşdırmaq üçün yeni “Figure 03” modelini səbirsizliklə gözlədiklərini bildirib.
Bununla belə, ev üçün belə bir “ağıllı köməkçi” əldə etmək asan olmayacaq. “Figure 03” kütləvi satışa çıxarıldıqda onun qiyməti təxminən 20 000 dollar (təxminən 34 000 manat) təşkil edəcək.
Mütəxəssislər bu yüksək qiymətin bir çox insanı tənbəllik vərdişindən uzaqlaşdıracağını zarafatla qeyd edirlər.
Bununla belə, bəzi texnoloji ekspertlər cəmi bir ildən sonra Çin istehsalçılarının bu modelin təxminən beş dəfə daha ucuz analoqlarını bazara çıxaracaqlarını ehtimal edirlər.
Xuraman Etibarlı
İnterpress.az






