Rusiyada Marqarita Simonyana qarşı sui-qəsd hazırlayan neonasist qrupun üzvlərinə hökm oxunub.
İnterpress.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Moskvanın İkinci Qərb Dairə Hərbi Məhkəməsi RT telekanalının baş redaktoru Marqarita Simonyana qarşı sui-qəsd hazırlamaqda ittiham olunan “Paraqraf-88” neonasist qruplaşmasının üzvləri barəsində rəsmi hökm çıxarıb.
Məhkəmənin qərarı ilə işin əsas fiqurantları 6 ildən 25 ilə qədər azadlıqdan məhrumetmə cəzalarına məhkum ediliblər.
Qruplaşmanın rəhbəri və yaradıcısı, 2022-ci ildə Moskvada bu ekstremist hücrəni quran Mixail Balaşov 25 il, digər üzvlər isə 17 ilə qədər həbs cəzası alıblar. Onlar məhkəmə zalında jurnalistləri təhdid ediblər.
İstintaqın məlumatına görə, azyaşlıların da daxil olduğu qrup üzvləri bir il ərzində miqrantlara və cinsi azlıqların nümayəndələrinə qarşı 6 vəhşicəsinə hücum törədib, görüntüləri internetdə təbliğat məqsədilə yayıblar.
2023-cü ilin iyununda naməlum şəxslər Balaşova Simonyanı öldürmək müqabilində 50 min dollar (təxminən 85 000 manat) məbləğində vəsait təklif ediblər. İyulda Balaşov Kalaşnikov avtomatı və patronları götürmək üçün gizli saxlanc yerinə gələrkən xüsusi xidmət orqanları tərəfindən saxlanılıb.
İttiham aktında əvvəlcə Kseniya Sobçaka qarşı da sui-qəsd iddiası yer alsa da, sonradan bu epizod sübuta yetirilməyərək rəsmi iş materiallarından çıxarılıb.
Xuraman Etibarlı
İnterpress.az






