İsmayıllıda Regional Gənclərin I İnkişaf Forumu keçirilibbackend

İsmayıllıda Regional Gənclərin I İnkişaf Forumu keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsmayıllı, 24 avqust, AZƏRTAC

Avqustun 24-də İsmayıllıda İntellektual Oyunlar Klubunun nəzdində yaradılan İsmayıllı Regional Gənclərin Resurs Mərkəzinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, rayon icra hakimiyyətinin, İsmayıllı Regional Mədəniyyət İdarəsinin, ASAN Könüllülük Məktəbinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin və Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə Regional Gənclərin I İnkişaf Forumu keçirilib. Forumda İsmayıllı, Qəbələ, Şəki və Kürdəmir gəncləri iştirak ediblər.
İsmayıllı Regional Mədəniyyət İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, forumda əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
İsmayıllı Rayon İcra Hakimiyyətinin məsul işçisi Şahin Hüseynov forumda çıxış edərək bölgədə gənclərin hərtərəfli inkişafına, məşğulluğuna göstərilən diqqət və qayğıdan danışıb. Qeyd edib ki, İsmayıllıda yeni layihələr reallaşdırılır və sahələrə əsasən gənclər cəlb olunurlar. O vurğulayıb ki, region gəncləri yerli və beynəlxalq səviyyədə də ölkəmizi layiqincə təmsil edirlər.
Gənclər və İdman Nazirliyinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri Fuad Babayev çıxışında dövlət gənclər siyasətindən danışıb, regionlarda bu formatda forumların təşkilinin və region gənclərinin inkişafının mühüm istiqamətlərdən olduğunu vurğulayıb.
Forumun təşkilatçısı, İsmayıllı İntellektual Oyunlar Klubu İctimai Birliyinin sədri Azad Manaflı tədbirin əsas məqsədi barədə məlumat verib. Bildirib ki, əsas məqsəd region gənclərinin inkişafını təmin etmək, məşğulluğa cəlb etmək və regionda onların inkişafı üçün müəyyən şəraitin yaradılmasına kömək göstərməkdir. Vurğulayıb ki, gənclərin intellektual yetişməsində regionda fəaliyyət göstərən gənclər təşkilatları əvəzsiz rol oynayır. Könüllülük proqramları, gənclərin inkişaf modeli və gənc kadrların yetişdirilməsində təşkilatlar hər zaman öndə olub. Bu gün də dövlət siyasəti nəticəsində gənclərimiz üçün hərtərəfli şərait yaradılır və gənclərə yol göstərilir.
Sonra forum işini panel sessiyada davam etdirib. İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Nəcəfov Prezident İlham Əliyev tərəfindən mədəniyyətə, milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına göstərilən yüksək diqqət və qayğıdan söz açıb, mədəniyyətin təbliği və inkişaf etdirilməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu bildirib. Natiq regional mədəniyyət idarəsinin fəaliyyəti, strukturu, keçirilən layihələrlə bağlı ətraflı məlumat verib, gəncləri maraqlandıran sualları cavablandırıb.
Daha sonra forumda spikerlərin məşğulluq, mədəniyyət, gənclərlə iş, könüllülüyün imkanları və sahibkarlıq barədə çıxışları dinlənilib.
Qeyd edək ki, forum çərçivəsində regionda gənclər sahəsində birgə fəaliyyətin səmərəliliyinin artırılması üçün İsmayıllı Regional Mədəniyyət İdarəsi, İsmayıllı İntellektual Oyunlar Klubu və İsmayıllı rayon Gənclər və İdman İdarəsi arasında anlaşma memorandumu imzalanıb. Bundan sonra regionda gənclərlə bağlı layihələr birgə icra olunacaq.