Türkiyə radarları İdlib hava limanını vuran İsrail qırıcılarını qeydə alıb.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Türkiyənin uzaqmənzilli radar şəbəkəsi İdlibdəki aeroporta zərbələr endirən İsrail hərbi təyyarələrinin hərəkətini təsbit edib.
Döyüş təyyarələri Türkiyə sərhədinə 2–3 dəqiqəlik uçuş məsafəsinə qədər yaxınlaşıb, lakin ölkənin hava məkanına daxil olmadan geri dönüblər.
Qeyd olunub ki, Türkiyə səması Hərbi Hava Qüvvələrinin silahlanmasında olan uzaqmənzilli hava hücumundan müdafiə (HHM) sistemləri ilə etibarlı şəkildə qorunur.
Türkiyənin erkən xəbərdarlıq radar sistemi sərhəd boyunca hətta “F-35” kimi radara görünməz (“stealth”) texnologiyalı təyyarələrin marşrutunu və hərəkətini real vaxt rejimində izləmək iqtidarındadır.
Sistemin ana sütunlarından biri ölkənin ən uzaqmənzilli radarı sayılan “ALP 300-G” erkən xəbərdarlıq radarıdır.
Bu sistem 500-ə yaxın rəqəmsal rabitə kanalını dəstəkləyir, 435 mindən çox kod xəttindən istifadə edir və saniyədə 81 DVD diskinin həcminə bərabər məlumatı emal etmək gücünə malikdir.
Xuraman Etibarlı
İnterpress.az






