İsveçrə Parlamenti ölkə istehsalı olan silahların təkrar ixracına icazə verən qətnaməni təsdiq edib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Bildirilib ki, İsveçrədən müharibə materialları alan ölkələrə şəraitdən asılı olaraq İsveçrə istehsalı olan silahları silahlı münaqişədə iştirak edən ölkələrə təkrar ixrac etməyə icazə verilməlidir.
Həmçinin qeyd edilib ki, yeni qərar geriyə qüvvəyə minəcək və yalnız “insan hüquqlarını pozmayan və mülki əhaliyə qarşı silah işlətməyən hədəf ölkələri” təkrar ixraca icazə veriləcək.
Açıqlamada həmçinin İsveçrə Federal Məclisinin gələcəkdə silah ixracı ilə bağlı vəziyyətə əsaslanan qərarlar qəbul etməli olmayacağı da bildirilib.
Rusiya-Ukrayna müharibəsi başlayandan sonra İsveçrə istehsalı olan silahların üçüncü ölkələrə təkrar ixracı gündəmə gəlib.
İsveçrədə Nümayəndələr Palatası keçən ay İsveçrənin Ukraynaya silah ixracı qaydalarını yumşaltmayacağına qərar verib.
2022-ci ilin fevralında Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Bern hökuməti Almaniya, İspaniya və Danimarkanın İsveçrədən alınmış hərbi texnikanın Kiyevə təkrar ixracı ilə bağlı bir neçə müraciətini rədd edib.
Bu məsələ ölkədə neytrallıq və silah ixracı qaydalarının yumşaldılmasının zəruriliyi ilə bağlı müzakirələrə səbəb olub.
Yanvar ayında İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda və digər beynəlxalq təşkilatlarda Bern administrasiyasına “siyasətlərinə yenidən baxması” üçün təzyiqlərin artdığı müşahidə edilir.
İsveçrə onun silahlarını alan ölkələrdən onları yenidən ixrac etmək üçün icazə istəmələrini tələb edir.
İsveçrə Konfederasiyasının prezidenti Alain Berset, neytrallıq qanununun İsveçrə silahlarının təkrar ixracı ilə yanaşı ixracını da qadağan etdiyinə diqqət çəkib.
Berset bildirib ki, bu bənd tərəfdaş ölkələrlə imzalanmış müqavilələrin bir hissəsidir.