İtaliyada polis 7 müxtəlif bölgədə keçirdiyi reydlər zamanı ölkənin ən güclü mafioz qruplarından biri olan Ndrangheta üzvü olmaqda şübhəli bilinən 61 nəfəri saxlayıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Şübhəlilər saxtakarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, hökumətə sızma və fermerlərdən pul tələb etməkdə ittiham olunurlar.
Əməliyyatda 500-dən çox polisin iştirak etdiyi bildirilir və basqınların qruplaşmanın məhv edilməsi səylərinin bir hissəsi olduğu qeyd edilir.
Ötən həftə Avropada 100-dən çox adam saxlanılıb. Polis bunun “Ndrangheta”ya qarşı indiyədək ən böyük əməliyyat olduğunu bildirib. 10 fərqli ölkədə həyata keçirilən əməliyyatlarda 25 milyon avro ələ keçirilib.
İstintaq həmçinin qrupun yüksək rütbəli üzvlərinin, o cümlədən Covid pandemiyası dövründə necə fəaliyyət göstərdiyi barədə vacib məlumatlar tapıb.
Qrupun himayədarlarından biri olduğu iddia edilən Pasquale Bonavota ötən il ölkənin şimalındakı Genuya şəhərindəki kilsədə yaxalanıb.
Yüzlərlə digər mafiya üzvü və korrupsioner məmurlar da Mancuso ailəsi ilə əlaqələrə görə həbs edilib və ya məhkəməni gözləyirlər.
Mancuso ailəsi Ndrangheta cinayət şəbəkəsini təşkil edən 150 ailədən biridir. “Ndrangheta”nın Cosa Nostra şəbəkəsindən ölkənin ən güclü mafiya təşkilatı olduğu bildirilir. Qeyd olunur ki, qrup dünyanın 40-dan çox ölkəsində fəaliyyət göstərir.
İtaliya və Belçika rəsmilərinin məlumatına görə, şəbəkə 2019-cu ilin oktyabrından 2022-ci ilin yanvarına qədər 25 ton kokain qaçaqmalçılığı həyata keçirib və Kalabriya bölgəsindən Belçika, Hollandiya və Cənubi Amerikaya 22 milyon avrodan çox pul göndərib.