Yağıntılar və tufanlar İtaliyanın şimal bölgələrində həyata mənfi təsir göstərsə də, yüksək temperatur İtaliyanın mərkəzi və cənub hissələrinə təsir etməkdə davam edir.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Ölkənin şimal bölgələrində yağan yağış və fırtına həyata mənfi təsir edib.
Treviso və Padova şəhərlərində tennis topu böyüklüyündə dolu, Viçensa, Verona və Venesiyada güclü yağış xəsarət və maddi ziyana səbəb olub.
Şimal bölgələrindən biri olan Venetonun regional administrasiyasının rəhbəri Luka Zaia, yaşadıqları bölgədə güclü dolu nəticəsində 110 nəfərin yaralandığını və bir çox avtomobilin şüşəsinin qırılması kimi maddi ziyanın meydana gəldiyini açıqlayıb.
İtaliya Kənd Təsərrüfatı Assosiasiyasının (Coldiretti) Veneto şöbəsi şiddətli dolu səbəbindən şimal bölgələrində əkin sahələrinə və üzüm bağlarına ziyan vurduğunu bildirib.
İtaliya Mülki Müdafiəsi həmçinin Lombardiya, Veneto, Friuli Venezia Giulia, Bolzano Muxtar Administrasiyası və Emilia Romagna bölgələrində tufan, dolu və güclü külək ehtimalına qarşı ictimaiyyəti xəbərdar edib.
Digər tərəfdən, Afrikadan qaynaqlanan həddindən artıq istilərin təsiri ölkənin mərkəzi və cənub bölgələrində də davam edir.
Səhiyyə Nazirliyi kəskin istilərlə əlaqədar mərkəzi və cənub bölgələrindəki 19 şəhəri “qırmızı” kateqoriyaya salaraq əhaliyə xəbərdarlıq edib.
Həftənin əvvəlində bu il üçün rekord həddə çatan hava istilərinin dünəndən etibarən təsirini itirdiyi üçün “qırmızı” siqnalı olan şəhərlərin sayını 23-dən 19-a endirən Nazirlik, həftənin sonunda daha 18 şəhərin “qırmızı” kateqoriyada olacağını açıqlayıb.
Qeyd olunub ki, mərkəzi və cənub rayonlarında bir həftədir davam edən yüksək temperatur həftəsonu da davam edə, bəzi yerlərdə 45-47 dərəcəyə çata bilər.