Kadırovun “Dingo” ləqəbli şəxsi killeri Ukrayna cəbhəsində ÖLDÜRÜLÜBbackend

Kadırovun “Dingo” ləqəbli şəxsi killeri Ukrayna cəbhəsində ÖLDÜRÜLÜB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kadırıovun “şəxsi qatili” kimi tanınan Artur Denisultanov Ukrayna müharibəsində məhv edilib.

İnterpress.az xəbər verir ki, bu barədə “Mediazona” nəşri məlumat yayıb.

Çeçenistan rəhbəri Ramzan Kadırovun “şəxsi qatili” kimi tanınan və kriminal aləmdə “Dingo” ləqəbi ilə məşhur olan 57 yaşlı kriminal avtoritet Artur Denisultanov Ukrayna müharibəsində öldürülüb.

Rusiya vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı (ZAQS) şöbəsindən sızan rəsmi məlumatlara görə, Denisultanov Ukraynanın Donetsk vilayətinin Selidovo şəhəri yaxınlığında gedən döyüşlər zamanı öldürülüb.

Çeçenistanın Kurçaloy rayon ZAQS şöbəsi onun ölümünü qeydə alıb.

Məlumata görə, Artur Denisultanov sonuncu dəfə 2023-cü ilin fevralında Moskva məhkəməsi tərəfindən 37 milyon rubl (təxminən 867 600 manat) həcmində dələduzluq ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.

Lakin o, cəzaçəkmə müəssisəsindən Ukraynadakı müharibəyə yollanmaq üçün müqavilə imzalayıb və cəbhəyə göndərilib.

“Dingo” ləqəbli muzdlu qatil Rusiya ordusunun 27-ci motatıcı diviziyasının tərkibində sıravi atıcı kimi döyüşüb.

Artur Denisultanov (Kurmakayev) fərqli illərdə Kadırovun keçmiş mühafizəçisinin qətlində və Ukrayna tərəfində vuruşan çeçen könüllülərindən ibarət “Cövhər Dudayev” batalyonunun komandiri Adam Osmayevə qarşı sui-qəsddə ittiham olunurdu.

2017-ci ildə Kiyevdə baş tutan sui-qəsd cəhdi zamanı o, yaralanaraq Ukrayna hüquq-mühafizə orqanları tərəfindən saxlanılmış, 2019-cu ildə isə əsir mübadiləsi çərçivəsində Rusiyaya təhvil verilmişdi.

Rusiya və Çeçenistan rəsmiləri onun ölümü ilə bərabər bu hadisəyə hələlik heç bir rəsmi şərh verməyiblər.

Xuraman Etibarlı

İnterpress.az