Kaluqada təqaüdçü işləməkdən imtina etdiyi üçün yatmış oğlunu amansızcasına balta ilə öldürüb.
İnterpress.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Rusiyanın Kaluqa vilayətində dəhşətli və amansız ailə qətli törədilib. Maloyaroslaves şəhərində 75 yaşlı yerli sakin işləmək istəməyən 49 yaşlı doğma oğlunu yuxuda ikən balta ilə amansızcasına qətlə yetirib.
Hadisədən əvvəl ailədə ciddi münaqişə baş verib. Buna səbəb oğlunun uzun müddətdir heç bir yerdə işləməməsi, iş axtarmaq niyyətində olmaması və asudə vaxtlarında davamlı olaraq alkoqol qəbul etməsi olub.
Mübahisə zamanı alkoqol asılısı olan oğul atasını təhqir edib və ardınca çarpayısına uzanaraq yuxuya gedib.
Oğlunun təhqirlərinə dözməyən təqaüdçü ata onun yuxuya getməsini gözləyib. Daha sonra o, evdəki baltanı götürərək yatan oğlunun baş nahiyəsinə bir neçə ağır zərbə endirib.
Yaralı aldığı ağır xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib. Faktla bağlı Rusiya İstintaq Komitəsinin yerli idarəsi tərəfindən qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb, təqaüdçü ata dərhal saxlanılıb.
Hazırda hadisənin bütün təfərrüatlarının araşdırılması istiqamətində istintaq hərəkətləri davam etdirilir.
Xuraman Etibarlı
İnterpress.az






