Şimali Kipr Türk Cümhuriyyətinin (KKTC) Səhiyyə Nazirliyi ölkədə Qərbi Nil virusuna yoluxma faktının aşkarlandığını bildirib. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Nazirlikdən verilən yazılı açıqlamada, paytaxt Lefkoşada Qərbi Nil Virusuna yoluxma hadisəsinin təsbit edildiyi bildirilib və virusun insanlara ən çox “Culex” növü ağcaqanadların dişləməsi ilə keçdiyi qeyd edilib.
Açıqlamada virusun peyvənd və ya dərman vasitəsi ilə müalicəsinin olmadığı və simptomları olan şəxslərdə ürəkbulanma, qusma, ishal, dəri döküntüsü və limfa düyünlərində həddindən artıq şişkinlik müşahidə oluna biləcəyi vurğulanıb. Virus və ağcaqanadlara qarşı lazımlı tədbirlər aralıqsız davam edir.
Açıqlamada virus daşıyıcı ağcaqanadların Qərbi Nil Virusunu insanlara və heyvanlara ötürdüyü, insandan insana keçməsinin mümkün olmadığı bildirilib.
Açıqlamada heç bir peyvəndi və müalicəsi olmayan virusdan qorunmanın çox vacib olduğu bildirilib və vətəndaşlardan evlərindəki gül dibçəklərinin altında, qablarda və təkərlərdə yığılan suyu tez-tez boşaltmaları xahiş edilib.