Konqo Demokratik Respublikasının (KDC) şərqindəki Cənubi Kivu əyalətində leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 438-ə yüksəlib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Keçən həftə Cənubi Kivu əyalətinin Buşu və Nyamukubi kəndlərində baş verən sel fəlakəti nəticəsində itən 26 nəfərin cansız bədəni ilə ölənlərin sayının artdığı bildirilib.
Daşqın nəticəsində itənlərin sayı ilə bağlı hələlik rəsmi rəqəm məlum deyil. Amma qeyri-hökumət təşkilatlarının məlumatına görə, 4000-dən çox adam hələ də itkin düşüb.
Ötən həftə bölgəyə yağan güclü yağışlar Çibira çayının daşmasına səbəb olub.
Tropik iqlim zonasında yerləşən KDC yağışlı mövsümdə tez-tez təbii fəlakətlərlə üzləşir.