Konqo Demokratik Respublikasının (KDC) şərqindəki Şimali-Kivu əyalətində üsyançıların mülki şəxslərə hücumu nəticəsində 12 nəfər həlak olub.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, əyalətin Bukokoma kəndində Demokratik Alyans Qüvvələrinin (ADF) üsyançı qrup üzvləri kənd sakinlərinə hücum edib.
Çox sayda evin yağmalandığı hücumda 12 mülki vətəndaş həyatını itirib.
Qeyd edək ki, 1990-cı illərin sonundan Uqanda və KDC-də fəaliyyətə başlayan ADF, Uqanda Milli Azadlıq Ordusu (NALU), Uqanda Müsəlman Azadlıq Ordusu və Təbliğ Camaatı kimi hərəkatların keçmiş üzvləri tərəfindən yaradılıb.
ADF-nin 2014-cü ildən bu yana həyata keçirdiyi hücumlarda minlərlə dinc sakinin öldüyü, 100 min insanın isə didərgin düşdüyü bildirilir.