“Birləşmiş Millətlər Təşkilatına üzv olan 141 ölkə Ukraynanın ərazi bütövlüyü və suverenliyinə birmənalı şəkildə dəstəklərini bir daha bəyan etdilər”.
Bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba BMT-nin Nyu-Yorkdakı Baş qərargahında jurnalistlərə açıqlamasında deyib.
“Bu gün BMT-nin 141 üzvü Rusiya Silahlı Qüvvələrinin Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən çıxarılmasını tələb edirlər. Biz nəticədən razıyıq və mesaj aydındır. Rusiyanın Ukraynanın ərazi bütövlüyünü pozmaq cəhdləri bir-birinin ardınca uğursuzluğa düçar olub. Bugünkü səsvermə onu göstərdi ki, təkcə Qərb deyil, Ukraynaya dəstək daha genişdir”.
Nazir əlavə edib ki, Çinin Rusiyanı silahla təmin etməsi beynəlxalq hüququn pozulmasıdır: “Rusiyaya silah verməklə bu ölkə təcavüzə kömək edir və BMT Nizamnaməsinin açıq-aşkar pozulmasına kömək edir”.
Qeyd edək ki, Rusiyanın Ukraynaya təcavüzünün ildönümündə 193 üzvdən ibarət BMT Baş Assambleyası Rusiya qoşunlarının Ukraynadan qeyd-şərtsiz çıxarılmasını tələb edən təklifi səsverməyə çıxarıb və qətnamə 141 ölkə tərəfindən dəstək alıb, Moskvanı yalnız 7 üzv ölkə dəstəkləyib, 32 ölkə isə bitərəf olub.






