Macarıstanın Dövlət Assambleyasında (birpalatalı parlament) hakim partiya koalisiyasından olan deputatlar Finlandiya və İsveçin NATO-ya qəbulu məsələsini artıq həll olunmuş hesab etmirlər.
Bunu Macarıstan parlamentinin spikeri Laslo Kover bəyan edib.
Onun sözlərinə görə, martın 7-8-də Budapeştin parlament nümayəndə heyəti Finlandiya və İsveçdən olan həmkarları ilə Milli Assambleyada bu ölkələrin NATO-ya üzvlüyü ilə bağlı səsvermədən əvvəl mübahisələri həll etmək üçün Helsinki və Stokholma səfər edəcəklər.
“Belə bir səfər ona görə lazımdır ki, iqtidaryönlü fraksiya üzvlərinin narahatlığı, şübhələri var və onlar bu məsələnin avtomatik həll olunacağına inanmırlar”.
Spiker xatırladıb ki, deputatlar son illər Finlandiya və İsveç siyasətçilərinin Avropa İttifaqının tribunasından Macarıstanı əsassız yerə demokratik normaları və qanunun aliliyini pozmaqda ittiham etmələrindən narazıdırlar.
“Onların Macarıstanın daxili siyasətindən danışmağa, onu dəyərləndirməyə haqqı yoxdur. Əgər Finlandiya və İsveç NATO-ya qoşulmaq istəyirlərsə, bunun üçün onlar etimad qazanmalıdırlar. Etimadı isə kökündən sarsıdıblar”.
Hakim koalisiyadan olan deputatlar Helsinki və Stokholma nümayəndə heyətinin göndərilməsinin iki şimal ölkəsinin müraciətlərinə baxılması prosedurunu dəyişməyəcəyini bildiriblər. Macarıstan parlamentində bu mövzuda müzakirələr martın 1-də başlayıb və qanunun səsverməsinə dörd həftə vaxt verilib. Onun martın 20-dən baş tutacağı gözlənilir.
Qeyd edək ki, Macarıstan prezidenti Katalin Novak və Baş nazir Viktor Orbanın rəhbərlik etdiyi Macarıstan hökuməti Finlandiya və İsveçin NATO-ya qəbulunu dəstəkləyiblər. Hər iki dövlətin NATO-ya qoşulması haqqında protokolların ratifikasiyası haqqında qanun layihəsini parlamentə xarici işlər naziri Peter Siyarto təqdim edib.