Malibuda vəhşi puma 11 yaşlı qıza hücum edib.
İnterpress.az xəbər verir ki, bu barədə “Los Angeles Times” məlumat yayıb.
ABŞ-nin Kaliforniya ştatında yerləşən Malibudakı məşhurların yaşadığı sakit qəsəbədə vəhşi puma 11 yaşlı qıza hücum edib.
Hadisə Pacific Coast Highway şossesindəki ailənin bağ evinində baş verib. Puma qızın əlini, ayağını və belini dişləyib.
Qızın qışqırığını eşidən anası köməyə qaçıb, lakin yırtıcı ona da hücum edib.
Kaliforniya Təbiəti Mühafizə Departamentinin nümayəndəsi Piter Tira “Los Angeles Times” qəzetinə bildirib ki, ailənin başqa bir üzvü elektroşokerlə yaxınlaşaraq pumanı qorxudub.
Səs yırtıcını qaçmağa məcbur edib. Uşaq dərhal xəstəxanaya aparılıb, xəsarətləri həyati təhlükəli olmayıb.
Puma evin yaxınlığındakı toyuq hininə gizlicə yaxınlaşıb. Polis və yabanı təbiət üzrə mütəxəssislər heyvanı qısa müddətdə taparaq öldürüblər.
DNT testi həmin pumanın hücum edən yırtıcı olduğunu təsdiqləyib.
Qeyd edək ki, ABŞ-də puma hücumları tez-tez baş verir — təkcə 1986-cı ildən bəri Kaliforniyada insanlara qarşı 27 belə hadisə qeydə alınıb. Onların əksəriyyəti ölümcül olmayıb.
Xuraman Etibarlı
İnterpress.az