Marneulidə yerləşən Davit Ağmaşenebeli adına məktəb liseyinin müəllim kollektivi və valideynlər məktəbin bağlanması ilə bağlı verilən qərara görə etiraz aksiyası keçiriblər.
İnterpress.az xəbər verir ki, aksiya Marneuli Resurs Mərkəzinin qarşısında keçirilib.
Təhsil Nazirliyi məktəbin qeydiyyatının dayandırılmasına səbəb kimi məktəbdə qapalı idman zalının olmamasını göstərib ki, bu da rəhbərliyin və valideynlərin narazılığı ilə qarşılanıb.
Aksiya iştirakçıları məktəbin bağlanması ilə bağlı verilən qərarı qəbul etmədiklərini və bu qərarın dərhal ləğv olunmalı olduğunu bildiriblər. Resurs mərkəzinin yaxınlığında toplaşan məktəbin müəllim kollektivi və valideynlər Təhsil Nazirliyini siyasi təqibdə ittiham edərək, narazılıqlarını bildiriblər. Onlar Marneulidə yerləşən digər məktəblərin standartlara uyğun olmadığını və uşaqların sözü gedən məktəbdə qalmalarını istədiklərini deyirlər.
Sonda isə məktəb rəhbərliyi bəyanat oxuyaraq verilən qərarla barışmadıqlarını və qanun çərçivəsində hər bir yola müraciət edəcəklərinin bildirərək Resurs mərkəzinə ərizə təqdim ediblər.