Fransanın Marsel şəhərində avtomobilə silahlı hücum nəticəsində 3 nəfər həlak olub.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Belə ki, ötən gecə içərisində 5 nəfərin olduğu avtomobilə silahlı basqın edilib.
Polis hücumun Kalaşnikov tipli silahlarla həyata keçirildiyini və hücumda 3 nəfərin həyatını itirdiyini açıqlayıb.
Hücum edənlərin və sağ qalan 2 nəfərin hadisə yerindən qaçdığını bildirən polis hücumu narkotik ticarəti ilə əlaqələndirib.
Polis hücumun hədəfi olan 5 nəfərin şəxsiyyətinin müəyyən edildiyini və onların narkotiklərin çox olduğu kütləvi yaşayış evində yaşadıqlarını bildirib.
Hücum edənlərin tutulması üçün araşdırma başlanılıb, indiyədək 5 nəfərin nəzarətə alındığı bildirilib.
Marseldə bu il narkotik ticarəti ilə bağlı hücumlarda ölənlərin sayı 21-ə çatıb.






