Meksikanın şimalında adam oğruları tərəfindən zorla saxlanılan 40 miqrant polis əməliyyatı nəticəsində xilas edilib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Belə ki, təhlükəsizlik qüvvələri Nuevo əyalətində saxlanılan immiqrantları xilas etmək üçün əməliyyata başlayıb.
Meksikanın müdafiə naziri Luis Cresencio Sandoval cinayətkar təşkilatın əlində olduğu aşkarlanan 40 miqrantın xilas edildiyini bildirib.
5-i uşaq olmaqla immiqrantların Venesuela, Honduras, Braziliya, Haiti və Salvadordan olduğu bildirilib.
Səlahiyyətlilər, insan qaçaqmalçılarının immiqrantları azad etmək üçün bir şərt olaraq adambaşına 1500 dollar tələb etdiklərini açıqlayıb.
Qeyd olunub ki, miqrantlar avtobusda ABŞ sərhədinə gedərkən Matehuala qəsəbəsində magistral yolda naməlum şəxslər tərəfindən oğurlanıb.
Meksikadakı bir çox mühacir daha yaxşı həyat ümidi ilə ABŞ-a qaçmaq istəsələr də, dəstələrin və mütəşəkkil cinayət qruplarının əlinə keçirlər. Mərkəzi Amerika ölkələrindən çoxlu mühacir Qvatemala və Meksika vasitəsilə ABŞ-a çatmağa çalışır.