Meksikanın Verakruz əyalətində təhlükəsizlik qüvvələri soyuducularda gizlədilmiş 34 nəfərin cəsədini aşkarlayıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Meksikanın Verakruz əyalətində keçirilən əməliyyatda 5 evdə soyuducuda gizlədilmiş 34 nəfərin cəsədi tapılıb.
Rəsmilər cəsədlərin parçalanaraq torbalara qoyulduğunu, hadisə ilə bağlı 6 nəfərin həbs edildiyini bildirib.
Polisə atəş açan silahlı dəstənin tutulması məqsədi ilə əməliyyata başlanıldığı, daha sonra silahlı şəxslərin sığındığı evdə 14 cəsədin tapılmasından sonra əməliyyatın genişləndirildiyi bildirilib.
Prokurorluq onu da bildirib ki, əməliyyat zamanı cinayətkarlara məxsus avtomobil, müxtəlif silahlar və bəzi narkotik vasitələr də ələ keçirilib.
Qətllərin bölgədə fəaliyyət göstərən və müxtəlif cinayətlərdə əli olduğu bilinən Jalisco Next Generation Cartel (CJNG) tərəfindən törədildiyi güman edilir.