Şagirdlər sinifdə naməlum qazdan zəhərlənib, qızları qan qusma ilə xəstəxanaya aparıblar
İnterpress.az xəbər verir ki, bu barədə “Mash” məlumat yayıb.
Krasnodardakı məktəblərin birində dərs zamanı naməlum qazdan kütləvi zəhərlənmə baş verib.
Şagirdlərin sözlərinə görə, onlar sinfə girən kimi kəskin iy hiss ediblər. Bir müddət sonra uşaqlarda ürəkbulanma, başgicəllənmə yaranıb, lakin müəllim yalnız pəncərəni açmaqla kifayətlənib və dərsi dayandırmayıb.
Qoxu gücləndikdən sonra qızlardan biri huşunu itirib və təcili yardım onu xəstəxanaya aparıb.
Axşam isə daha iki şagird xəstəxanaya yerləşdirilib. Onlarda qan qarışıq qusma və güclü ishal müşahidə olunub. İlkin ehtimala görə, bütün uşaqlar naməlum qazdan zəhərlənib.
Mətbuata çatan məlumata əsasən, məktəbin tədris işləri üzrə müavini valideynlərlə görüşdə hadisəyə iki şagird qızın “iki fərqli dezodorantın tərkibini qarışdırması”nın səbəb olduğunu iddia edib. Daha sonra isə o, sinifdə “dixlofos qoxusu” hiss etdiyini deyib.
Hadisə ilə bağlı yoxlama aparılır.
Xuraman Etibarlı
İnterpress.az






