Azərbaycanda 4000-dək qeydiyyatdan keçən qeyri-hökumət təşkilatı mövcuddur. Amma onların hamısının fəaliyyət göstərdiyini desək, təbii ki, yanılmış olarıq. Çünki elə QHT-lər var ki, dövlətdən pul qoparmaq məqsədilə yaradılığı gün kimi aydındır. Onların başına duran rəhbərlərinin nitqinə, davranışlarına nəzər yetirdikdə amallarının, məramlarının nə olduğu dərhal büruzə verir. Təbii ki, bu cür reketlərlə mübarizəyə biz də vətəndaş cəmiyyəti olaraq qoşulmalı və bu qanunsuzluğun qarşısının alınmasıda öz töhfəmizi verməliyik. Amma fəaliyyətsizlikdən paslanmış o QHT sədrləri buna ehtiyac görürmü?
Mən meşənin çaqqalsız olmadığını başa düşür, hətta güllər arasında tikanlara da rast gəlindiyini bilirəm. Amma görünən odur ki, fəaliyyətsiz, dövlətin pulunu zorla “leqallaşdıraraq” mənimsəməyə çalışan bəziləri doğru-düzgün fəaliyyət göstərən QHT-lərin də işinə kölgə salırlar. Müşahidə edirsinizsə, son illər ölkəmizdə QHT-lərin fəaliyyətində müsbət irəliləyişlər, sıçrayışlar baş verir. Xüsusən, Vətən müharibəsi zamanı bir yumruq ətrafında birləşməyimiz QHT-lərə çox ciddi şəkildə sirayət edib. Məhz bunun nəticəsidir ki, vətəndaş cəmiyyətinin hər bir üzvü sırf dövlətimizin, ölkəmizin, xalqımızın, millətimizin, təbiətimizin, ekologiyamızın müdafiəsində və qorunmasında ön sıralardadırlar.
Artıq QHT-lərin əksər hallarda göstərdiyi dirəniş də müsbət və effektiv hallarla nəticələnir. Buna misal olaraq Xankəndi-Laçın yolunun Şuşadan keçən hissəsində QHT-lərimizin ermənilərin ekoloji terroruna qarşı başlatdığı aksiyanı və onun müsbət nəticəsini göstərmək olar. Artıq QHT-lər dövlətin öz qurumlarında da təmsil olunmağa başlayır. COP29-da üzvlər arasında QHT təmsilçilərinin yer alması Azərbaycanda bu sahəyə dövlət tərəfindən göstərilən diqqət və ehtiyacın nümunəsidir. Ona görə də dövlətin bu ehtiyacından şantaj vasitəsi kimi istifadə etmək ən azından Vətənə qarşı xəyanətkarlıqdır.
Hökumət qeyri-hökumət təşkilatlarına tribuna verirsə, bundan yalnız dövlətin, xalqın, millətin, cəmiyyətin, vətənin, təbiətin, havanın, suyun, torpağın, ekologiyanın xeyrinə istifadə etmək lazımdır! Bundan öz şəxsi maraqları üçün istifadə etməyə çalışanlar isə “həddindən çox qeyri-hökumət təşkilatları” ola bilər! Bir var hökumət təşkilatı, bir var qeyri-hökumət təşkilatı! Bir də var çox qeyri-hökumət təşkilatı!
Toğrul Allahverdili
Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimai Birliyinin və Diaspor İnformasiya Mərkəzinin sədri