“Əvvəl də mənə məşqçi işləmək təklif olunmuşdu. Ancaq imtina etmişdim. Onda qarışıqlıq çox idi, məşqçi işləmək istəmirdim. İstəmədiyim məşqçilər vardı. İndiki heyət isə yaxşıdır”.
Bunu cüdo üzrə qadınlardan ibarət millimizin gənclər üzrə məşqçisi Kifayət Qasımova deyib.
Qadınlardan ibarət millimizə məşqçilik edən Kifayət Qasımova tarixə düşdüyünü bildirib:
“Sonuncu dəfə qadın məşqçi millidə SSRİ vaxtında çalışıb. Məşqçi təyinatlarının olduğu tədbirdə o da qeyd olundu ki, federasiya prezidenti istəyir ki, qadın millimizdə qadın məşqçi işləsin. Müstəqillik vaxtında millidə işləyən ilk qadın məşqçiyəm. Ümumiyyətlə, hər zaman qadınlarda ilklərə imza atmaqla tarixə düşmüşəm”.
O, millilərdə və idman qurumlarında qadınların sayının artmalı olduğunu vurğulayıb:
“Demək olar ki, məşqçiliyə yeni başlamışam. Bunun üçün müəyyən təcrübə lazımdır. Hər şeydə təcrübə lazımdır. Təcrübə olmadan nəsə əldə etmək mümkün deyil. Məşqçiliklə idman təcrübəsi fərqlidir. Ancaq özüm necə məşq keçdikdə nəticə verdiyimi bildiyimdən, düşünürəm ki, o qədər də çətinlik çəkməyəcəyəm.
Qadın millisində qadın məşqçinin çalışması onlar üçün də üstünlükdür. Elə şeylər var ki, onları kişi məşqçilərə demək olmur. Özüm də idmançı olanda bunu görmüşəm. Həm də ki qadın məşqçilər də inkişaf etməlidir. Niyə hər yerdə kişi məşqçilər çalışmalıdır ki?! Olimpiya idman komplekslərinin direktorları, federasiya rəhbərliyində kişilər olur, niyə də qadınlar çalışmasın?!
Milli komanda Türkiyəyə təlim-məşq toplanışına yollanacaq. Mən yeni təyin olunduğumdan, bu səfərə gedə bilməyəcəyəm. Amma bundan sonrakı təlim-məşq toplanışları və yarışlara mən də qoşulacağam”.
Qeyd edək ki, 35 yaşlı Kifayət Qasımova 57 kq çəki dərəcəsində dünya və üçqat Avropa mükafatçısı olmaqla, Azərbaycan qadın cüdosunun ən parlaq siması sayılır. O həmçinin 2017-ci ildə Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarında iki gümüş medal (fərdi və komanda şəklində) qazanıb. K.Qasımova bundan sonra zədəsinə görə karyerasını başa vurub. O hazırda həm də Dövlət Gömrük Komitəsinin baş leytenantıdır.
Səbuhi Musay