Moskva ətrafında yüngülmühərrikli təyyarə qəzaya uğrayıb.
İnterpress.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Rusiyanın Moskva vilayətində yüngülmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər faciəvi şəkildə həyatını itirib.
Regional operativ və fövqəladə hallar xidmətlərindən verilən məlumata görə, bədbəxt hadisə Sergiyev Posad şəhər dairəsində yerləşən “Vixrevo” aerodromu ərazisində qeydə alınıb.
Hadisə yerinə dərhal xilasetmə briqadaları və tibb işçiləri cəlb olunub.
İlkin məlumatlara görə, təyyarə havaya qalxdıqdan qısa müddət sonra qəfil hündürlüyü itirərək yerə çırpılıb.
Qəza nəticəsində təyyarənin göyərtəsində olan hər iki şəxs – pilot və sərnişin aldıqları ağır xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişiblər.
Hazırda Rusiya İstintaq Komitəsinin nəqliyyatda istintaq idarəsi tərəfindən qəzanın başvermə səbəbləri, həmçinin uçuş təhlükəsizliyi qaydalarının pozulub-pozulmaması araşdırılır.
Hadisə yerində fəsadların aradan qaldırılması üçün 20 xilasedici və 7 xüsusi texnika fəaliyyət göstərir.
Xuraman Etibarlı
İnterpress.az






