Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2023-cü il üçün elan etdiyi kiçik qrant müsabiqəsinin qalibi olan “Müasir informasiya cəmiyyəti və innovasiyalar” İctimai Birliyinin (Birlik) nümayəndələri “Süni intellektin dövlət idarəetməsində tətbiqi imkanları ilə bağlı beynəlxalq təcrübənin araşdırılması” layihəsi çərçivəsində Finlandiya Respublikasına səfər etmiş, müvafiq sahə üzrə məsul dövlət və bələdiyyə orqanları, universitetlər və özəl təşkilatlarla görüşlər keçirmiş, süni intellektin ölkəmizdə tətbiqi imkanları ilə bağlı fikir mübadiləsi aparmışdır.
İnterpress.az xəbər verir ki, cari ilin 25-29 sentyabr tarixlərində Birliyin İdarə heyətinin sədri Seymur Həsənov və layihə rəhbəri Elmira Fərzəliyeva müvafiq layihə çərçivəsində Finlandiya Respublikasına səfər etmiş, Helsinki və Tampere şəhər bələdiyyələri, Aalto və Tampere Universitetləri, Silo.ai və River Recycle şirkətləri və bir sıra digər təşkilatlarla görüşlər keçirmiş, süni intellektin idarətemədə tətbiqi ilə bağlı hüquqi, texniki, sistem və maarifləndirmə aspektlərini müzakirə etmişdir.
İlkin olaraq, Birlik tərəfindən ölkəmizdə innovasiya sahəsində görülən işlər, həyata keçirilən layihələr barədə geniş məlumat verilmiş, rəqəmsal həllərin tətbiqi ilə idarəetmədə şəffaflığın təmin edilməsinə xidmət edən “ASAN xidmət” modeli, Elektron Hökumət Portalı, Mobil Notariat sistemi, Elektron məhkəmə, Elektron icra sistemləri, Əmək və Məşğulluq altsistemi və elektron kredit tarixçəsi portalı olan “Findoc.az” platformaları təqdim olunmuşdur. Əlavə olaraq, Azərbaycan Respublikasının Dördüncü Sənaye İnqilabı sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlığına diqqət çəkilmiş, bu sahə ilə yanaşı Süni intellektlə əlaqədar müasir çağırışların təhlil və koordinasiyasına məsul qurum olan Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin fəaliyyəti xüsusi vurğulanmışdır. Eyni zamanda, rəqəmsal inkişaf sahəsində fəaliyyətin təşkili və əlaqələndirilməsi, habelə innovasiya yönümlü elmi tədqiqatların və innovativ layihələrin (həmçinin startapların) təşviqi, onlara maliyyə dəstəyi göstərilməsi və innovasiya təşəbbüskarlığının təbliği sahəsində fəaliyyət göstərən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin fəaliyyəti barədə məlumat verilmişdir.
Helsinki və Tampere şəhər bələdiyyələrində keçirilmiş görüşlərdə süni intellekt və alqoritmlər yolu ilə dövlət və bələdiyyə idarəetməsinin təkmilləşdirilməsi, insanların rifah halının yaxşılaşdırılması, həmçinin innovativ yanaşmalardan istifadə etməklə biznes və startap ekosisteminin inkişafına dəstək sahəsində görülmüş işləri əhatə edən yerli təcrübə öyrənilmişdir.
Tampere şəhər bələdiyyəsinin Rəqəmsal Transformasiya departamentinin direktoru Aleksi Kopponen və İnkişaf üzrə direktoru Sanni Pöntinen tərəfindən bələdiyyə tərəfindən hazırda həyata keçirilən innovativ layihələr və bu layihələrin idarəetmənin şəffaflaşdırılmasına, eyni zamanda şəhər sakinlərinin gündəlik həyatının rahatlaşdırılmasına verdiyi töhfələr barədə ətraflı məlumat verilmişdir.
Helsinki şəhər bələdiyyəsinin Startaplara dəstək qrupunun layihə rəhbəri Teem Seppala ilə keçirilən görüşdə ölkədə müvafiq sahə üzrə həyata keçirilən startap layihələr, ölkə və bələdiyyələrin startaplara verdiyi texniki və konsultasiya dəstəyi, xüsusilə innovasiya sahəsində həyata keçirilən startap layihələrin təşviq edilməsi mexanizmləri barədə məlumat verilmişdir. Əlavə olaraq, bələdiyyənin məlumat bazası əsasında xüsusi alqoritmlərdən istifadə etməklə həyata keçirilən və gələcəkdə istifadə potensialı olan tətbiqlər və həllər ətrafında fikir mübadiləsi aparılmışdır.
Aalto Universitetində keçirilmiş görüşdə isə universitet tərəfindən süni intellektdən istifadə etməklə hazırlanan layihələr, xüsusilə əmək bazarında qadınlara və immiqrantlara qarşı diskriminasiyanın azaldılması istiqamətində Aalto, Helsinki və Tampere universitetləri və Espoo şəhər bələdiyyəsinin birgə səyi nəticəsində hazırlanan “TRUST-M” sistemi barədə ətraflı məlumat verilmiş, müvafiq sistemin cəmiyyətin inkişafına verəcəyi töhfələr qeyd edilmişdir. Bununla yanaşı, “TRUST-M” sistemi və nəticədə layihənin davamlılığını təmin etmək üçün vətəndaş iştirakçılığının təşviq olunması və fərdlərin bu sahədə rolu barədə fikir mübadiləsi aparılmışdır.
Avropanın süni intellekti üzrə ixtisaslaşmış ən böyük şirkətlərindən biri olan “Silo.ai” şirkəti ilə keçirilən görüşdə şirkət tərəfindən təqdim edilən süni intellekt əsaslı həllər, xüsusilə “ağıllı şəhər” və “ağıllı kənd”lərdə istifadə olunan texnoloji həllər barədə ətraflı məlumat verilmiş, layihənin icrasının “ağıllı cəmiyyət”in (“smart society”) qurulmasının əhəmiyyəti vurğulanmışdır.
Ətraf mühitin mühafizəsi istiqamətində xüsusi rol oynayan Finlandiya mərkəzli “RiverRecycle” şirkəti ilə keçirilən görüşdə ətraf mühitin qorunması, xüsusilə çayların və su hövzələrinin təmizlənməsi zamanı istifadə olunan ən müasir texnologiyalar barədə məlumat verilmiş, habelə müvafiq sahədə süni intellektin tətbiqi imkanları ətrafında fikir mübadiləsi aparılmışdır. Görüşdə, həmçinin vətəndaş iştirakçılığının zəruriliyi qeyd edilərək maarifləndirmə işinin təşkili üçün həyata keçirilə biləcək layihələrlə bağlı müzakirə aparılmışdır.
Araşdırma layihəsi çərçivəsində İsveç Krallığına da səfər edilmiş, Azərbaycan Respublikasının İsveç Krallığında fövqəladə və səlahiyyətli səfiri cənab Zaur Əhmədovla da görüş keçirilmiş, Finlandiyada və İsveçdə keçirilən görüşlərlə bağlı ətraflı məlumat verilmiş, həmçinin süni intellektin ölkəmizdə tətbiqi imkanları müzakirə edilmişdir.
Əlavə olaraq, Birliyinin İdarə Heyətinin sədri Stokholm Universitetində keçirilən “Dayanıqlı İnkişaf forumu”nda iştirak etmişdir. “Universitetlər və 2030 Agendası: möhkəmlənmə and irəliyə doğru” – “Ağıllı şəhərlərə doğru” adlı konfransa iştirak etmiş, süni intellektin idarəetmədə təbiqiq, ağıllı şəhər quruculuğu, data əsaslı həllər və akademiyanın innovasiyanın inkişafında və dəstəklənməsində rolu ilə bağlı müzakirə panellərinə qoşulmuşdur. Həmçinin ətraf mühitin qorunması, qlobal istiləşmənin və iqlim dəyişikliyinin azaldılması üçün tətbiq edilə biləcək innovasiyalar və süni intellekt texnologiyaları ətrafında fikir mübadiləsi aparılmışdır.
Keçirilən görüşlərdə süni intellektin dövlət idarəetməsində tətbiqi, həmçinin, imkanlar, perspektivlər və risklər barədə müzakirələr aparılmışdır. Süni intellektini darəetmə və qərar qəbul etmədə tətbiqini məhdudlaşdıran iki əsas məsələ – dəqiq və əhatəli datanın mövcudluğu və hüquqi tənzimləmələr xüsusi vurğulanmışdır. Ümumilikdə araşdırma səfəri çərçivəsində layihənin uğurla icrasını təmin edəcək müvafiq rəy və təkliflər təqdim edilmiş, mövcud təcrübə və fikir mübadiləsi aparılmışdır.
Qeyd etmək lazımdır ki, “Süni intellektin dövlət idarəetməsində tətbiqi imkanları ilə bağlı beynəlxalq təcrübənin araşdırılması” layihəsi çərçivəsində Birlik tərəfindən yerli və xarici dövlət və özəl təşkilatlarla nəzərdə tutulmuş görüşlərin keçirilməsi davam etdirilir.