“Paramount” “Warner Bros. Discovery”ni almaq üçün əsas maneəni aradan qaldırıb
İnterpress.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
“Paramount” şirkəti 12 ştatın baş prokurorları ilə saziş bağlayaraq “Warner Bros. Discovery” (WB) şirkətinin əldə edilməsi sövdələşməsinin tamamlanması üçün əsas maneəni aradan qaldırıb. Saziş “Paramount”un oktyabrın 1-dən etibarən WB səhmdarlarına hər gün üçün 7 milyon dollar (təxminən 11.9 milyon manat) məbləğində ödəniş hesablamalı olmasından dərhal əvvəl əldə olunub.
Danışıqlar çərçivəsində “Paramount” Kaliforniyada film və serial istehsalına təxminən 1.5 milyard dollar (təxminən 2.55 milyard manat) sərmayə qoymağı, ştatdakı studiya meydançalarını saxlamağı və hər il kinoteatrlarda ən azı 30 film təqdim etməyi öhdəsinə götürüb.
Bu göstəricinin yerinə yetirilməməsinə görə çatışmayan hər bir film üçün 30 milyon dollar (təxminən 51 milyon manat) cərimə, daha ciddi tədbir kimi isə “Paramount”a məxsus “Miramax”ın 49 faiz hissəsinin mümkün satışı nəzərdə tutulub.
Xuraman Etibarlı
İnterpress.az






