Rusiyada müəllimlərə nizam-intizamı pozan şagirdləri sinifdən qovmaq qadağan edilib.
İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Rusiya Federasiyasının Maarif Nazirliyi məktəblərdə nizam-intizam qaydaları ilə bağlı yeni qərar qəbul edib. Yeni qaydalara əsasən, müəllimlərə dərs zamanı nalayiq davranış göstərən şagirdləri sinif otağından qovmaq qəti şəkildə qadağan olunub.
Bundan sonra dərsin gedişatını və intizamı pozan şagirdlər sinifdən kənarlaşdırılmaq əvəzinə, məktəbin xüsusi təyin olunmuş əməkdaşı ilə söhbətə yönləndiriləcəklər.
Eyni zamanda fənn müəllimi həmin şagirdin valideynləri ilə birbaşa əlaqə saxlamaq imkanı əldə edəcək.
Maarif Nazirliyinin təsdiq etdiyi bu yeni qaydalar cari ilin sentyabrın 1-dən etibarən rəsmi olaraq qüvvəyə minəcək.
Xuraman Etibarlı
İnterpress.аz






