Myanmada etnik silahlı təşkilatlarla qarşıdurmalardan sonra ordunun kəndə basqında ən azı 19 nəfəri öldürdüyü, cəsədləri yandırdığı bildirilir.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, ölkənin mərkəzi hissəsindəki Baqo bölgəsindəki Nyaunq Pin Thar kəndinə daxil olan Myanma əsgərləri 4-ü uşaq olmaqla 19 mülki vətəndaşı qətlə yetirib.
Xalq Müdafiə Qüvvələrinin (PDF) rəsmisi mayın 10-da Myanma ordusu ilə hərbi çevrilişə qarşı silahlı qruplaşma arasında baş verən qarşıdurmada 20 əsgərin həlak olduğunu, 3 hərbçinin əsir götürüldüyünü bildirib.
O deyib ki, toqquşmalardan sonra ordu Nyaung Pin Thar kəndinə basqın edib.
Nyaung Pin Thar kənd sakini 10-a yaxın əsgərin keçirdiyi basqın zamanı həyat yoldaşı və 7 yaşlı qızı da daxil olmaqla 11 qohumunu itirdiyini bildirib.
Adının açıqlanmasını istəməyən kənd sakini basqın günü tarlada işlədiyini və baş verənlərin şəxsən şahidi olmadığını, geri qayıdanda isə ailə üzvlərinin tanınmayan meyitləri ilə qarşılaşdığını qeyd edib.
Həyatını itirən kənd sakinlərinin görüntüləri yerli mətbuatda və sosial mediada əksini tapıb.
Myanmada hərbi idarənin törətdiyi cinayətləri araşdıran “Myanmar Witness” insan haqları təşkilatının məlumatına görə, fevralın sonu ilə aprelin əvvəli arasında mediada yer alan 8 basqında ən azı 33 kənd sakini həlak olub.






