Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA) 2 Fevral – Gənclər Günü münasibətilə silsilə tədbirlər həyata keçirib.
Tədbirlər silsiləsi I Fəxri Xiyaban və Şəhidlər Xiyabanına təşkil olunan yürüşlə başlayıb. Gənclər, gənclər təşkilatlarının rəhbər və nümayəndələri, eləcə də Tələbə Gənclər Təşkilatlarının üzvləri 2 Fevral – Gənclər Günü münasibətilə ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər. Gənclər dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad edərək məzarı önünə gül dəstələri qoyublar. Daha sonra Şəhidlər Xiyabanını ziyarət edən gənclər ölkəmizin suverenliyi və müstəqilliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtiram və qürurla yad ediblər.
NAYORA-nın təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə baş tutan silsilə tədbirlər çərçivəsində 2 Fevral – Gənclər Gününə həsr olunmuş Gənclər Təşkilatlarının Sərgisi baş tutub. Sərgidə gənclər müxtəlif təşkilatlarla tanış olaraq onların fəaliyyəti, layihələri və gələcək planları barədə məlumat əldə edib, eyni zamanda əməkdaşlıq imkanlarını dəyərləndiriblər.
Tədbir boyu gənclər üçün maraqlı oyunlar və interaktiv fəaliyyətlər təşkil edilib, iştirakçılar müxtəlif hədiyyələr və promo materialları əldə ediblər. Gənclər Günü münasibətilə təşkil olunan bu tədbir onların sosial fəallığını artırmaq, təşkilatlarla daha yaxından əməkdaşlıq etməyə təşviq etmək və gələcək fəaliyyətlərə ruhlandırmaq baxımından mühüm rol oynayıb.
Tədbirlər çərçivəsində növbəti fəaliyyət “GƏNCLƏR GÜNÜ #BİRLİKDƏ: Gənclər Təşkilatlarının Şəbəkələşmə Tədbiri” olub. Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və NAYORA-nın təşkilatçılığı ilə keçirilən layihədə gənclər təşkilatları əməkdaşlıq imkanlarını müzakirə edib və təcrübə mübadiləsi aparıblar. Tədbirin açılış nitqində çıxış edən NAYORA-nın sədri Rafael Hacıbəyli gənclər təşkilatlarında fəaliyyət göstərən hər bir gənci Azərbaycan Gənclər Günü münasibətilə təbrik edib. O, ölkəmizin istedadlı və potensiallı gənclərinə dövlət tərəfindən göstərilən dəstək və yaradılan imkanlardan bəhs edərək, bu diqqətin gənclərin inkişafına mühüm töhfə verdiyini vurğulayıb.
Eyni zamanda, 2025-ci ilin Gənclər üçün Prezident Mükafatına layiq görüldüyü üçün cənab Prezidentə dərin minnətdarlığını ifadə edib, bu uğurların dövlətimizin gənclərə göstərdiyi diqqət və qayğının nəticəsi olduğunu vurğulayıb və bu etimadı doğrultmaq naminə gənclər təşkilatlarının ilə birlikdə dövlət gənclər siyasətinə öz töhfəsini verməyə və daha sıx əməkdaşlıq etməyə davam edəcəyini bildirib.
Daha sonra isə Azərbaycan Gənclər Fondunun gənclər təşkilatları ilə iş şöbəsinin müdiri vəzifəsini icra edən Orduxan Qəhrəmanzadə və Azərbaycan Gənclər və İdman Nazirliyinin gənclərlə iş şöbəsinin müdir müavini Ülviyə Axundova çıxış etmişdir. Onlar gənclər təşkilatlarını Gənclər Günü münasibətilə təbrik etmiş, bu cür tədbirlərin gənclər təşkilatları arasında əlaqələrin genişləndirilməsi və yeni ortaq layihələrin müzakirəsi üçün mühüm imkan yaratdığını vurğulamışdır. Tədbirin davamı olaraq, gənclərə şəbəkələşmə ortamında hədiyyələr təqdim olunub, konsert proqramı və oyunlar təşkil edilib, iştirakçılara yeni əlaqələr qurmaq imkanı yaradılıb.
Gənclər həftəsi çərçivəsində gənclər təşkilatlarının nümayəndələri və gənclər üçün fərqli öyrənmə və əyləncə fəaliyyətləri də təşkil edilmişdir.
Onların arasında “Gənclər Təşkilatları Mədəniyyət Axarında” layihəsi yer alır. Layihə zamanı gənclər təşkilatlarının rəhbər və nümayəndələri müxtəlif mədəniyyət proqramlarında iştirak ediblər. Onlar Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında görkəmli bəstəkar Tofiq Quliyevin yaradıcılığına həsr olunmuş konsert proqramında, Azərbaycan Dövlət Akademik Musiqili Teatrında nümayiş olunan “O olmasın, bu olsun” tamaşasında və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında səhnələşdirilən “Şükriyyə” tamaşasında iştirak ediblər. Növbəti fəaliyyət isə “Gənclər Təşkilatlarının Buz Macərası” olub. Tədbir boyu gənclər və təşkilat nümayəndələri arasında dostluq əlaqələri və komanda ruhu güclənib.
Tədbirlər silsiləsi çərçivəsində “İcbari Tibbi Sığorta: Üstünlükləri və Perspektivləri” təlimi də baş tutdu. Tədbir zamanı gənclər, gənclər təşkilatlarının nümayəndələri icbari tibbi sığortanın əhəmiyyəti, təmin etdiyi tibbi xidmətlər və onlardan istifadə qaydaları barədə ətraflı məlumat əldə ediblər. Qeyd edək ki, tədbir İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, NAYORA və ASAP-ın birgə təşkilatçılığı ilə həyata keçirilib.
Tədbirlər planı, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dövlət gənclər siyasətinin əsas istiqamətlərini gənclər təşkilatlarına tanıtmaq, bu siyasətin mahiyyətini və əhəmiyyətini çatdırmaq məqsədi daşıyır. Eyni zamanda, gənclərin asudə vaxtının səmərəli təşkili, bilik və bacarıqlarının artırılması, şəxsi və peşəkar inkişafına dəstək verilməsi və yaradıcılıq potensiallarının üzə çıxarılması hədəflənir.