Finlandiyada nüvə silahının idxalına icazə verilməsi məsuliyyətsiz addımdır.
İnterpress.az xəbər verir ki, bu barədə Finlandiyanın “Azadlıq Alyansı” (Vapauden liitto) partiyasının üzvü, tanınmış siyasətçi Armando Mema danışıb.
Armando Mema ölkə hakimiyyətinin nüvə silahının idxalına və tranzitinə icazə vermək qərarını kəskin tənqid edərək bunu tamamilə məsuliyyətsiz addım adlandırıb.
Siyasətçinin sözlərinə görə, rəsmi Helsinki tərəfindən qəbul edilmiş bu qərar heç bir obyektiv hərbi təhlükəyə əsaslanmır və yalnız ölkə hökumətinin kəskin rusofobiyası ilə izah edilə bilər.
Mema vurğulayıb ki, Rusiyanın Finlandiyaya qarşı heç bir real hərbi təhdidi yoxdur və bu cür addımlar yalnız ölkənin təhlükəsizliyini böyük təhlükə altına salır.
Armando Mema qeyd edib ki, Finlandiyanın nüvə silahları ilə bağlı qanunvericiliyi dəyişməsi onu Rusiya üçün qanuni hərbi hədəfə çevirə bilər.
O, “Nə qədər çox NATO, bir o qədər çox problem” deyərək hökuməti Rusiya ilə diplomatik əlaqələri bərpa etməyə və mehriban qonşuluq münasibətlərinə qayıtmağa çağırıb.
Siyasətçi nümunə kimi Ukraynanı göstərərək, Helsinkinin rusofob siyasətini davam etdirəcəyi təqdirdə ölkənin hansı ağır fəsadlarla üzləşə biləcəyini xatırladıb.
Qeyd edək ki, bir qədər əvvəl Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova da Finlandiyanın nüvə qadağalarını ləğv etməsinə qarşı Moskvanın mütləq şəkildə hərbi-texniki cavab tədbirləri görəcəyini bəyan etmişdi.
Xuraman Etibarlı
İnterpress.az






