“Oğrudurlar, dövlət büdcəsini talayırlar, rüşvət alırlar“ – “Özünə güvənsə, düzgün işləsə…“backend

“Oğrudurlar, dövlət büdcəsini talayırlar, rüşvət alırlar“ – “Özünə güvənsə, düzgün işləsə…“

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Media haqqında” qanun layihəsi Milli Məclisdə müzakirəsi maraqlı nüanslarla yadda qalıb. Azərbaycan mətbuatını azad görmək istədiyini vurğulayan deputat Vahid Əhmədov məmurları KİV-ə açıq olmağa çağırıb: “İstəyirik ki, jurnalistlər nazirlərdən, istədikləri şəxslərdən müsahibə ala bilsinlər”.

Azərbaycanda məmurların mətbuatla məsafə saxlamasını Yenisabah.az-a açıqlamasında Əməkdar jurnalisti, ictimai-siyasi fəal və bayraqdar.info saytının qurucu-redaktoru Azər Həsrət də etiraf edib.

“Uzun illərdir bu məsələ biz jurnalistləri məşğul edir. Eyni zamanda, özünə güvənən siyasət adamları və millət vəkillərini də”, – deyə o qeyd edib.

Azər Həsrətin sözlərinə görə, məmurların KİV-dən gen gəzməsi haqqında müxtəlif fikirlər səsləndirilir:

“Ancaq özüm uzun illər bir fikir səsləndirmişəm və hələ də o fikrin arxasındayam ki, istənilən siyasətçi, istənilən vəzifəli şəxsin mətubatdan qaçması, gizlənməsi, sadəcə olaraq onun özünə güvəninin zəif olmasından qaynaqlanır. Digər tərəfdən, həmin insanlar öz əməllərində şəffaf deyil, düzgün işləmir, yəni oğurluq edir, dövlət vəsaitini talayır, rüşvətxorluqla məşğuldur. Amma bəzən bu qüsurları olmayan, hazırlıq səviyyəsi aşağı olduğu üçün mətbuatdan qaçanlar var.

Məsələn, gündəm məsələsi olan Brüssel görüşü barədə danışmaq, açıqlama almaq üçün nə qədər adam tapa bilərsiniz? Milli Məclis deputatları bu mövzudan yayınacaq. Zəng etsəniz, bəhanə gətirəcəklər, çünki deputat olsalar belə, siyasi gündəmi izləmirlər.

Konkret məsələlərlə bağlı məmurlara, nazirlərə müraciət etdiyiniz zaman də görəcəksiniz ki, sahəyə aid məsələləri kifayət qədər təhlil edə bilmirlər.

Əlbəttə, özünə güvənən, əməllərində dürüst olan, işində şəffaflığa üstünlük verən adamlar mediadan heç vaxt qaçmayıb və qaçmayacaq. Hətta onlar ən sərt şəkildə tənqid olunsalar belə, daim mediaya açıq qalıblar, qalmağa da davam edəcəklər. Lakin qara-qura işlər çevirən, hər cür bəd əməllərə qurşanmış adamlar mətbuata heç vaxt qucaq açmayacaq”.