Ombudsman UNICEF-in regional direktoruna çağırış etdibackend

Ombudsman UNICEF-in regional direktoruna çağırış etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ombudsman Səbinə Əliyeva Ermənistanın Azərbaycan ərazilərinə və mülki əhaliyə hərbi təcavüzü ilə bağlı UNICEF-in regional direktoruna çağırış edib.

Ombudsman Aparatından bildirilib ki, müraciətdə 27 sentyabr tarixindən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının mülki əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələri, təhsil, sosial, mədəni və strateji əhəmiyyətli obyektlərin ağır artilleriya qurğularından, xüsusi raket sistemlərindən və qadağan olunmuş silahlardan istifadə edilməklə intensiv şəkildə atəşə tutulmaqda davam etməsi vurğulanır:

“Nəticədə mülki əhali arasında çoxsaylı ölüm və yaralanma halları baş verib, yaşayış məntəqələrinə, tarixi və mədəni abidələrə, inzibati binalara, ictimai və digər sosial obyektlərə ciddi ziyan dəyib”.

Bu məqsədlə Ombudsman Səbinə Əliyeva BMT-nin Uşaq Fondunun (UNICEF) Avropa və Mərkəzi Asiya üzrə regional direktoru xanım Əfşan Xana müraciət ünvanlayıb. Müraciətdə Ermənistanın hərbi təcavüzünün insan təlafatı ilə nəticələndiyi, ölən və yaralananlar arasında uşaqların və qadınların da sayının çox olduğu qeyd edilib.

Təəssüf hissi ilə bildirilib ki, cəbhə bölgəsindən kənarda yerləşən və mülki əhalinin sıx yaşadığı ərazilərə atılan mərmilər nəticəsində 3 uşaq həlak olub, 23 uşaq isə yaralanıb.

11 oktyabr tarixində növbəti dəfə Gəncə şəhərinin mərkəzi hissəsində çoxmənzilli yaşayış binalarının Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində 10-u məktəbli uşaq olmaqla 34 nəfərin yaralandığı, 3 uşağın hər iki valideynini itirdiyi qeyd olunub.

Ombudsman çoxsaylı təhsil müəssisələrinin də Ermənistan silahlı qüvvələri tərəfindən dağıdıldığını qeyd edib. Bu isə o deməkdir ki, əgər COVİD-19 pandemiyası ilə bağlı həmin məktəblərdə distant təhsil tətbiq olunmasaydı, minlərlə uşağın həyat və sağlamlığına ciddi təhlükə yaranmaqla böyük insan təlafatı baş verəcəkdi.

Müraciətdə Ermənistan Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələrin, xüsusilə də BMT-nin “Uşaq hüquqları haqqında Konvensiyası”nın müddəalarını kobud şəkildə pozduğu bildirilməklə BMT-nin Uşaq Hüquqları Komitəsi çərçivəsində Ermənistana qarşı xüsusi prosedurun başlanması tələb olunub.

Ombudsman Səbinə Əliyeva UNICEF-lə səmərəli əməkdaşlığına diqqəti yönəldərək, regional direktoru Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzündən əziyyət çəkən uşaqların ən ümdə maraqlarının və pozulmuş fundamental hüquqlarının təmini məqsədilə BMT-nin Uşaq Hüquqları Komitəsi və UNICEF səviyyəsində qətiyyətli addımlar atmağa çağırıb.

Qeyd olunmalıdır ki, beynəlxalq təşkilatlar tərəfindən Ermənistanın Azərbaycan ərazilərinə hərbi təcavüzünün və mülki əhaliyə yönəlmiş terror aktlarının qarşısının alınması ilə bağlı konkret hüquqi məsuliyyət müəyyən edən təsirli tədbirlər hələ də görülməyib.

Ermənistanın insanlığa sığmayan bu kimi hərbi cinayətləri əhalinin həyat və sağlamlığı üçün ciddi təhlükədir və bu təcavüz aktları beynəlxalq təşkilatları narahat etməli, işğalçı Ermənistan Respublikasına qarşı hüquqi məsuliyyət müəyyən edən tədbirlər görülməlidir.

 

İnterpress.az