Özbəkistan və Qazaxıstan silahlı qüvvələrinin birgə hərbi təlimi başa çatıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Daşkənd yaxınlığındakı Angren poliqonunda Özbəkistan və Qazaxıstan silahlı qüvvələrinin təşkil etdiyi “Kalkan-2023” birgə hərbi təlimi başa çatıb.
Ötən həftə başlayan birgə təlim çərçivəsində iki ölkənin silahlı qüvvələri ölkə ərazisinə qeyri-qanuni soxulmuş silahlı dəstələrin zərərsizləşdirilməsi üçün qurudan və havadan əməliyyatlar həyata keçirib.
Silahlı dəstələrin aşkar edilərək zərərsizləşdirilməsi məqsədilə təşkil edilən birgə təlimdə hər iki ölkədən 100-ə yaxın əsgər iştirak edib. Təlim çərçivəsində zirehli texnika və hərbi texnika ilə yanaşı, pilotsuz uçuş aparatları və hərbi helikopterlərdən də istifadə edilib.
Birgə təlimin son mərhələsini Özbəkistanın müdafiə naziri Bahadır Kurbanov və Qazaxıstanın müdafiə naziri Ruslan Jaksilikov izləyib.
Hər il iki ölkə öz silahlı qüvvələrinin iştirakı ilə birgə hərbi təlimlər keçirir.
Özbəkistan və Qazaxıstanın müdafiə nazirlikləri tarixlərində ilk dəfə hərbi əməkdaşlıq planının yer aldığı sazişi 2017-ci ilin avqustunda imzalayıblar və saziş 2018-ci ilin fevralında qüvvəyə minib.