Pakistanın paytaxtı İslamabadda güclü musson yağışlarının səbəb olduğu fəlakətlər və qəzalar nəticəsində 13 nəfər həyatını itirib, çox sayda insan isə yaralanıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, güclü yağış paytaxt İslamabadda təsirli olub.
Paytaxtın Qolra Mor bölgəsində yağışlar nəticəsində tikilməkdə olan körpünün yaxınlığındakı divar uçub.
Körpünün tikintisində çalışan və çadırlarında yatan fəhlələrdən 12-si uçan divarın altında həyatını itirib.
Digər tərəfdən, İslamabadın Muhammedi Town məhəlləsində bir uşaq uçmuş divarın altında ölüb.
Güclü yağışlar nəticəsində yolların sürüşkən olması ilə bağlı yol qəzaları baş verib.
İslamabad-Pişəvər avtomobil yolunda baş verən yol qəzasında 11 nəfər xəsarət alıb.
Yağışlar səbəbindən paytaxtın bəzi yerlərində daşqınlar baş verib.
Hər il iyun-sentyabr aylarında yağan musson yağışları Pakistana böyük ziyan vurur.
Keçən il Pakistanda musson yağışlarının yaratdığı daşqınlar nəticəsində 1739 nəfər həlak olmuş, fəlakətin ölkəyə vurduğu zərərin 30 milyard dolları keçdiyi açıqlanmışdı.