Paşinyan “gah nala, gah da mıxa vurur…“backend

Paşinyan “gah nala, gah da mıxa vurur…“

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Baş naziri Nikol Paşinyan öz ölkəsinin ictimai televiziyasına geniş müsahibə verib. “AzPolitika.info” xəbər verir ki, Azərbaycanda qeyd olunan Zəfər Günü ərəfəsində verilən müsahibədə Ermənistan rəhbərinin fikirləri həmişəki kimi ziddiyyətli olub və Baş nazir Azərbaycanın ünvünına yenə saxta ittihamlar səsləndirib.

Əvvəlcə, üçtərəfli komissiyanın işindən razılığını bildirən Nikol Paşinyan növbəti dəfə Rusiyaya minnətdarlıq edib. Daha sonra sərhədlərin delimitasiyası və demarkasiyası barədə danışan ölkə başçısı Azərbaycanı bu il mayın 12-dən etibarən “Ermənistanın suveren ərazilərinə” daxil olmaqda günahlandırıb.

Belə olan şəraitdə isə sərhədlərin müəyyənləşdirilməsinin mümkün olmadığını iddia edib: “Mən bəyan etmişdim ki, Rusiyanın təklif etdiyi delimitasiya və demarkasiya ilə bağlı sənədi imzalamağa hazıram. Lakin sərhəddə hər gün atəşkəs rejiminin pozulduğu şəraitdə bu prosesi təsəvvür etmək çətindir”.

Bununla yanaşı, Paşinyan sərhədlərin müəyyənləşdirilməsilə bağlı təklif olunan xəritələrin hüquqi əsasını da sual altına alaraq, bildirib ki, sərhədin haradan keçməsindən daha çox, bunu müəyyən edəcək prosesin hüquqi əsasları vacibdir.

Daha sonra Rusiya Prezidentinin sözçüsü Dmitri Peskovun yaxın günlərdə Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin görüşünün planlaşdırıldığı barədə dediklərinə münasibət bildirən Paşinyan “Hal-hazırda noyabrın 9-da hər hansı görüş keçirilməsinə dair razılıq yoxdur”, – deyə bildirib.

Kommunikasiyaların açılmasına dair suala cavab verən Ermənistanın Baş naziri deyib ki, əvvəlcə hazırda iki ölkə ərazisindən keçən mövcud yolların potensialından istifadə olunmalıdır, sonra isə “lazım gələrsə və ehtiyac olarsa(!)”, digər marşrutların çəkilişi həyata keçirilə bilər.

Bununla yanaşı, Paşinyan qeyd edib ki, hər iki ölkə öz ərazisindən keçəcək yolları özü inşa edəcək: “Bizim fikrimizcə, Erasx-Ordubad-Mehri-Horadiz dəmir yolu və avtomobil yolunu hər tərəf özünə düşən ərazidə inşa etməlidir.”

O, əlavə edib ki, üçtərəfli razılaşmanın 9-cu bəndində göstərilənlərə uyğun olaraq, “Ermənistan Azərbaycanla Naxçıvan arasında nəqliyyət əlaqəsinin qarantıdır”.

Baş nazir həmçinin, Ermənistanın sülhün tərəfdarı olduğunu və sülh müqaviləsi təşəbbüsünün Azərbaycanın inhisarına alınmasının doğru olmadığını bildirib. O, qeyd edib ki, bununla bağlı Ermənistanın da dəfələrlə təklifləri olub. Lakin o, bu prosesin ATƏT-in Minsk Qrupu çərçivəsində həyata keçirilməli olduğunu qeyd edib.

Göründüyü kimi, Ermənistan başçısı gah sərhədlərin müəyyənləşdirilməsinin vacibliyindən, Rusiyanın təkliflərini qəbul etdiyindən danışır, gah da Rusiyanın təqdim etdiyi xəritələrin özünü şübhə altına alır və üstəgəl, Azərbaycanı sərhəddə guya atəşkəsi pozmaqda günahlandırır.

Həmçinin, bir yandan sülh müqaviləsinin bağlanmasına tərəfdar olduğunu söyləyir, digər yandan hər hansı görüşün planlaşdırılmadığını iddia edir və prosesə nə yolla olursa-olsun Avropadakı havadarlarını və ABŞ-ın indiki ermənipərəst administrasiyasını cəlb etməyə çalışır. Bu isə o deməkdir ki, diplomatiya cəbhəsində hələ müharibə tam şiddəti ilə davam edir və qarşıda bizi xeyli “ağır döyüşlər” gözləyir