Çinin paytaxtı Pekində iki gün ərzində havanın temperaturu 40 dərəcəni keçdiyi üçün 2014-cü ildən bəri ilk dəfə olaraq həyəcan siqnalı qırmızıya qaldırılıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Çinin paytaxtı Pekində bu gün günorta saatlarında havanın temperaturu 40 dərəcəyə çatıb. Pekin Bələdiyyə Meteoroloji Rəsədxanası tərəfindən edilən açıqlamada, Pekində hava istiliyinin rəsədxananın qurulduğu 1951-ci ildən bəri ilk dəfə iki gün ardıcıl olaraq 40 dərəcə Selsi keçdiyi bildirilib. Pekində son 9 ildə ilk dəfə yüksək hava istiliyinə görə xəbərdarlıq sistemində ən yüksək səviyyəli qırmızı siqnal verilib.
Təxminən 22 milyon əhalisi olan Pekində hava istiliyi ötən gün bir şəhərdə 41,8-ə çatıb və iyun ayında şəhərin rekordunu qırıb. Havanın temperaturu 2014-cü ilin may ayından bəri ilk dəfə olaraq 40 dərəcə Selsiyi keçdiyi Pekində iyun ayında ən yüksək temperatur 1961-ci ildə 40,6 olaraq qeydə alınıb. Pekin Meteoroloji Rəsədxanası 1951-ci ildən bəri şəhərdə müşahidə edilən ən yüksək temperaturun 24 iyul 1999-cu ildə 41,9 dərəcə Selsi olduğunu açıqlayıb.
Digər tərəfdən, isti dalğası ötən həftədən etibarən Tianjin şəhəri, Hebey və Şandunq əyalətlərinə, eləcə də Pekinə təsir edib. Çin Meteorologiya İdarəsinin dünən verdiyi açıqlamada ölkənin şimalında yüksək temperaturun yaxın 10 gün ərzində davam edəcəyi bildirilib.
Yerli hakimiyyət orqanları əhalini isti hava şəraitindən ehtiyatlı olmağa, yaşlılar və həssas qruplar üçün açıq hava tədbirlərinə getməməyə çağırıb. Şəhər və meşə ərazilərində baş verə biləcək yanğın təhlükəsinə qarşı ayıq-sayıq olmağa, aidiyyəti bölmələrin yol-təmir işlərinə və yol hərəkəti qaydalarına lazımi həssaslıq nümayiş etdirməyə çağırış edilib.