“Çin Tayvanla müharibəyə hazırlaşır”.
İnterpress.az “The Vaşinqton Post”a istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) məlumatında qeyd edilib.
Bildirilib ki, Çin Tayvana qarşı yaxın illərdə baş verə biləcək hücum üçün qüvvələr hazırlayır: “Çin ordusu bəzi əməliyyatlar planlaşdırır. Bu əməliyyatların məqsədi Tayvanı təslim olmağa məcbur etməkdir. Çin istəyir ki, Tayvanın danışıqlardan başqa yolu olmasın”.
Qeyd olunub ki, Çinin nəzərdən keçirdiyi əsas ssenarilərdən biri Tayvana həyati əhəmiyyətli idxalı kəsməkdir. Çin, həmçinin hava və dəniz blokadasını nəzərdə tutur.
Bundan başqa, vurğulanıb ki, Çin ölümcül zərbələri də istisna etmir: “Məcburetmə əməliyyatları da mümkündür. Bu, qlobal münasibətləri formalaşdırmaq və Tayvan hakimiyyətinin legitimliyini sarsıtmaq məqsədi daşıyan açıq və gizli iqtisadi və siyasi əməliyyatlarla dəstəklənəcək”.
Məlumata görə, üçüncü variant əsas hədəflərə hava və raket zərbələrinin endirilməsidir: “Bundan başqa, amfibiya hücumları da həyata keçirilə bilər. Çin ordusu üçün son seçim kiçik adaları ələ keçirmək kampaniyası olacaq. Çin son zamnalar Tayvan boğazı boyunca mövqelərini gücləndirib. Hazırda Çinin Tayvan yaxınlığında təxminən 420 min əsgəri var. Bu da ötən illə müqayisədə 4 min nəfər çoxdur. Müqayisə üçün qeyd edək ki, Tayvanın ordusu 89 min əsgərdən ibarətdir”.
Qeyd edək ki, Çin lideri Si Cinpin daha əvvəl heç bir qüvvənin Tayvanın Çinin nəzarəti altına keçməsinin qarşısını ala bilməyəcəyini söyləmişdi.