Portuqaliyada sol hökumət hazırladığı qanun layihəsi ilə siqaretə və siqaret satışına qarşı yeni qadağalar tətbiq etməyi, o cümlədən siqaret satış maşınlarının ləğvini planlaşdırır.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Qanun layihəsinə görə, bu ildən məktəb, universitet və xəstəxana kimi ictimai binaların yaxınlığındakı açıq yerlərdə siqaret çəkmək qadağan olunacaq, bar, restoran, hava limanı, konsert salonu, yarmarka və sərgi meydançaları kimi yerlərdə isə siqaret satışı yığışdırılacaq.
Nazirlər Kabinetində qəbul edilərək parlamentə göndərilən “Tütün haqqında” qanuna dəyişiklikləri ehtiva edən layihənin məqsədi “ictimai sağlamlığın təşviqi”dir.
“Tütün haqqında” qanuna dəyişikliklə bağlı lazımi tədbirlərin görüləcəyi vurğulanıb.
Qeyd edilib ki, Portuqaliya hökuməti 2040-cı ilə qədər siqaretsiz nəsil yaratmaq istəyir və bunun mümkün olduğuna həqiqətən inanır.
Məlumatda həmçinin siqaret qadağasının həbsxanalar kimi bəzi yerləri əhatə etməyəcəyi bildirilib.
Qanun layihəsinin qısa müddət ərzində parlamentdə müzakirəyə çıxarılaraq qəbul ediləcəyi və oktyabrın 23-də qüvvəyə minəcəyi gözlənilir.
Qeyd edək ki, Portuqaliyada 2007-ci ildə qüvvəyə minən Tütün haqqında qanundan sonra ölkədə siqaret çəkənlərin sayında ciddi azalma olduğu bildirilir.
Araşdırmaya görə, ölkədə 13 yaşlı uşaqlar arasında siqaret çəkməyə cəhd nisbəti 2003-cü ildəki 19,9 faizdən 2018-ci ildə 3,9 faizə düşüb. Digər tərəfdən, Portuqaliyada 2006-cı ildə yüzdə 20,9 olan siqaret çəkmə nisbəti 2019-cu ildə yüzdə 19-a düşüb.