Məlum olduğu kimi, cənab Prezident İlham Əliyev Almaniyanın Federal Kansleri Olaf Şoltsun dəvətilə COP29-a ev sahibliyi edəcək ölkənin rəhbəri kimi “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib. Ölkə başçısının belə mötəbər bir tədbirdə iştirakı həm Azərbaycan-Almaniya münasibətləri, həm də Avropa İttifaqı ilə Cənubi Qafqaz regionu arasında əməkdaşlığın gələcək perspektivləri baxımından olduqca önəmlidir. Xüsusilə, son vaxtlar Almaniya-Azərbaycan münasibətlərində əldə olunan dinamika iki ölkə arasında əlaqələrin sürətlə inkişaf etdiyini deməyə əsas verir.
İki ölkə arasında münasibətlərin tarixinə nəzər salsaq, qeyd etmək lazımdır ki, xalqlarımız arasında əlaqələrin dərin tarixi kökləri vardır. Almaniya Azərbaycanı Cənubi Qafqazda vacib tərəfdaş kimi qəbul edir, ölkəmizin regionda lider mövqeyini, həmçinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü tam dəstəkləyir. Eyni zamanda bu ölkə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rolunu təqdir edir.
Bu fikirləri İnterpress.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.
Deputat bildirib ki, cənab Prezident İlham Əliyev mətbuat konfransında və “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində çıxışında bir çox mühüm məsələlərə toxunub. Ölkə başçısı Azərbaycanın yaşıl enerjini ixrac etmək istiqamətindəki səylərini xüsusilə vurğulayıb:
“Avropaya yaşıl enerjini ixrac etmək üçün fəal çalışırıq və təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaqdır. 2027-ci ilin sonuna qədər 9 günəş və külək elektrik stansiyası istismara veriləcək. Onların enerji potensialı 2 qiqavata bərabərdir. 2030-cu ilə qədər isə əlavə 10 külək və günəş elektrik stansiyası tikiləcək ki, onların da potensialı 5 qiqavata qədərdir”.
Bu, Azərbaycanın zəngin enerji ehtiyatlarından səmərəli istifadə etməklə beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan başlıca aktorlardan birinə çevrildiyinin əyani göstəricisidir.
Millət vəkili Tamam Cəfərova Azərbaycan iqlim dəyişiklikləri ilə mübarizə istiqamətində mühüm tədbirlər həyata keçirdiyini qeyd edib. Azərbaycanda ətraf mühitin sağlamlaşdırılması, iqlim dəyişmələri ilə mübarizə istiqamətində görülən tədbirlər içərisində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının, həmçinin Naxçıvanın “yaşıl enerji zonası” elan edilməsini xüsusilə vurğulayıb. Şübhəsiz ki, bu, beynəlxalq arenada və inkişaf etmiş ölkələr ilə münasibətlərdə əlavə müsbət dinamika və stimul əldə olunmasına gətirib çıxaracaqdır.
Bu baxımdan da Azərbaycanın COP29 beynəlxalq tədbirinə ev sahibliyi etməsi ilə əlaqədar beynəlxalq ictimaiyyətin yekdil qərarı ölkəmizin iqlim dəyişiklikləri ilə mübarizədə və yaşıl enerji sahəsində həyata keçirdiyi fəaliyyətə verilən yüksək qiymətin göstəricisidir. Bu haqda cənab Prezident İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində çıxışında qeyd edib: “COP29-a ev sahibliyi edəcək ölkə kimi yekdil qərarla seçilmək Azərbaycan üçün böyük şərəfdir. Biz bunu beynəlxalq ictimaiyyətin Azərbaycana və gördüyümüz işlərə, o cümlədən yaşıl enerji sahəsindəki fəaliyyətimizə hörmətinin əlaməti hesab edirik. Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlarla beynəlxalq əlaqələri və onlarda fəal iştirakı bizə müxtəlif qitələrin ölkələri arasında körpülər salmaq və ya onları gücləndirmək, eləcə də onların həmrəyliyini möhkəmləndirmək imkanını yaradacaq”.
Azərbaycan Prezident İlham Əliyevin qətiyyətli, uzaqgörən, praqmatik siyasətinin nəticəsində ölkəmiz dünyada etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirib. Xüsusilə, enerji sahəsində ölkəmizin qazandığı uğurlar bütün dünyada diqqətlə izlənilir. Azərbaycanın enerji siyasəti bir çox ölkə üçün örnək təşkil edir. Bu olduqca önəmli məqamdır.
Cənab Prezident çıxışında Azərbaycanın enerji siyasətində qazandığı uğurlara xüsusilə toxunub. O, qeyd edib ki, “ Neft və qazımız, həmçinin Avropa bazarlarına hələ uzun illər ərzində lazım olacaq. 2022-ci ildə Avropa İttifaqı və Azərbaycan arasında enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb və Avropa İttifaqına təbii qaz təchizatımız artmaqdadır. Bu, Avropa Komissiyasının xahişi idi.Azərbaycan xarici tərəfdaşlar və sərmayədarlarla yaşıl keçid üzrə artıq nəhəng layihələrə başlayıb.
Bu il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Yalnız bu il ərzində 1300 meqavat günəş və külək enerjisini istehsal etmək imkanını yaradacaq enerji stansiyalarının təməlqoyma mərasimi keçiriləcək. 2027-ci ilin sonuna qədər 2000 meqavat günəş və yaşıl enerji imkanlarımız olacaq.
Doqquz elektrik enerjisi stansiyası olacaq və 2030-cu ilə qədər əlavə 10 günəş və külək enerjisi stansiyaları qurulacaq ki, onların gücü 5000 meqavat (5 qiqavat) təşkil edəcək. Bu potensialdan istifadə edərək, biz qaz istehlakımızı əksər hissədə elektrik enerjisi istehsalı ilə əvəzləyəcəyik. Avropaya ən azı əlavə 5 milyard kubmetr qaz ixrac olunacaq”.
Bütün bunlar onu deməyə əsas verir ki, cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi “Həm ənənəvi enerji növləri, eyni zamanda, bərpaolunan enerji növləri ilə zəngin Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş olacaqdır”.
İnterpress.az